...

"Əbu Bəkr" məscidini sökməyə heç kimin ixtiyarı yoxdur- Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri (video)

Cəmiyyət Materials 17 Noyabr 2008 14:15 (UTC +04:00)
"Əbu Bəkr" məscidini sökməyə heç kimin ixtiyarı yoxdur- Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri (video)

Azərbaycan, Bakı, 17 noyabr / Trend / müxbir İ.Əlizadə / Qafqaz Müsəlmanları İdarəsi "Əbu Bəkr" məscidinin bağlanmasının əleyhinədir.

"Məscidi sökməyə heç kimin ixtiyarı yoxdur və nə baş verməsindən asılı olmayaraq mən bunun əleyhinəyəm", bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Trend -un arayışı: Bu ilin avqustun 17-də, təqribən saat 20.50-də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı "Əbu Bəkr" məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev də həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar "Əbu Bəkr" məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Şeyx qeyd edib ki, "Əbu Bəkr" məscidinin necə tikilməsi rəhbərliklə bağlı olan məsələdir.

"Mən hətta, erməni kilsəsinin sökülməsinin əleyhinə olmuşam. Əgər hardasa bir məbəd tikilibsə, heç vaxt onun bağlanmasına, sökülməsinə tərəfdar ola bilmərəm. Buna tərəfdar olsam, onda gərək şeyx olmayam. Vaxtilə bu məscid qanunsuz tikilibsə, belə onu ləğv etmək olmaz. Məscid tikilib, fəaliyyətdədir və əgər imkan vardısa, onun qanunsuz tikilməsinə imkan verməyəydilər. Ola bilsin ki, məscid tikilən zaman hansısa qanunsuzluqlar olub. Bunu dövlət müəyyənləşdirməlidir və bunu edənlər qanun qarşısında cavam verməlidirlər" QMİ sədri əlavə edib.

Paşazadə hesab edir ki, beş-on nəfər Allahı unudaraq "Əbu Bəkr" məscidindən şəxsi məqsədləri və imkanları üçün istifadə ediblər.

"Həmin məsciddə namaz qılan dindarların heç bir günahı yoxdur. Bəzi adamlar bu məsələləri bir-birinə qarışdırıblar. Burada söhbət Azərbaycan Konstitusiyasını, qanunlarını, vicdan azadlığını pozan insanlardan gedir. Bizim borcumuz vicdan azadlığını yerinə yetirməkdir" Paşazadə deyib.

Şeyx ümid edir ki, istintaq başa çatandan sonra məscid yenidən fəaliyyətə başlayacaq.

"Mətbuatda yazırlar ki, şeyx gərək vəhabilərlə dil tapsın. Çünki bu məsələ çox böyüyə bilər. Yəni məni qorxutmaq istəyirlər. Mən indiyə qədər nə vəhabidən, nə sünnidən, nə də şiyədən qorxmamışam. Necə adlandırılmalarından asılı olmayaraq, onların hamısı müsəlmandır. Ona görə də həqiqəti demək lazımdır" deyə o əlavə edib.

Paşazadə bildirib ki, Şəhidlər Xiyabanının yanında və Bakı Dövlət Universitetinin yataqxanalarının həyətində məscid tikilən zaman Qafqaz Müsəlmanları İdarəsindən heç bir razılıq alınmayıb.

"Mən Şəhidlər Xiyabanının yanındakı məscidin minarəsinin indiki formada tikilməsinin əleyhinə idim. Amma bizi eşidən olmadı. Bəzi aşağı vəzifəli insanlar qanunsuzluqlar edirlər və sonra öz günahlarını Qafqaz Müsəlmanları İdarəsinin üstünə atırlar" Paşazadə icra strukturlarını ittiham edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti