Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri beynəlxalq təşkilatları və xarici ölkə səfirlərini Azərbaycan qanunvericiliyinə hörmət etməyə çağırıb.
"Beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımına nail olsa, buna təəssüflənəcəm", - çərşənbə axşamı Trend -a MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli bildirib.
Trend -ın arayışı: Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli keçən ay deyib ki, 2009-cu ilin əvvəlindən xarici radiostansiyaların Azərbaycanda yayımı dayandırılacaq. Şura sədrinin sözlərinə görə, bu, Azərbaycan dövlətinin teleradio siyasəti sahəsində apardığı tədbirlərdən biridir.
İndi Azərbaycanda "Amerikanın səsi", "Azadlıq", "BBC" radiolarınının və Türkiyənin "TRT" kanalının verilişləri yayımlanır. Həmin radiolar və telekanalla bağlanan müqavilənin müddəti ilin sonunda başa çatır. İlin sonunda bütün xarici radiostansiyaların Azərbaycanda yayımlandığı tezliklərin onlardan alınacağı gözlənilir.
ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kremerin bu gün Azərbaycana iki günlük səfəri başlayıb. ABŞ Dövlət Katibi köməkçisinin səfəri çərçivəsində, hökumət, siyasi dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə xarici radiostansiyaların Azərbaycanda yayımı məsələsi də müzakirə olunacaq.
Onun sözlərinə görə, xarici radiostansiyaların və telekanalların yayımı dünya praktikasına uyğun olmalıdır: "ABŞ-da, Avropa ölkələrində praktika necədirsə, Azərbaycanda da buna əməl edilməlidir. Bəyanat verən ölkələr ərazisində başqa bir dövlətin telekanalının yayımına öz milli tezliklərində icazə verə bilərlərmi?" - Məhərrəmli vurğulayıb.
Məhərrəmli deyib ki, Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Kremerlə sabah keçirilən görüşdə bu problem müzakirə olunacaq. "Biz qərarımızın Azərbaycan qanunvericiliyinə uyğun olduğunu bir daha ABŞ-dan olan diplomatın diqqətinə çatdıracağıq", - MTRŞ sədri deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]