Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycan məhkəməsi "Əbu Bəkr" məscidində namaz vaxtı azanın səsləndirilməsinə icazə verməyib.
Trend - un arayışı: Bakının Nərimanov rayon məhkəməsi Nərimanov rayon dindarları Dini İcmasının Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə oktyabrın 27- də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.
Bundan sonra Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş ediblər.
Müraciətdə təhlükəsizliyin və ictimai - asayişin qorunması üçün məscidin fəaliyyətinin bərpası barədə qərarın ləğv olunması xahiş olunur.
Trend - un məlumatına görə, çərşənbə axşamı Nərimanov rayon məhkəməsində hakim Nərimanov rayon dindarları Dini İcmasının nümayəndəsi, vəkil Cavanşir Süleymanov vəsatət verərək, namaz vaxtı "Əbu Bəkr" məscidində azanın səsləndirilməsinə icazə verilməsini xahiş edib.
Məhkəmə onun vəsatətini təmin etməyib.
Məhkəmədə şahid qismində ifadə verən dindarlar və məscidin yaxınlığında yaşayan sakinlər məscidin fəaliyyətinin davam etdirilməsinə razı olduğlarını bildirib və qeyd ediblər ki, məscidə ibadətə gələn şəxslər yaxınlıqda yaşayan sakinlərə heç bir maneçilik törətmirlər. İfadə verən dindarlar polisin nəzarəti altında məsciddə namaz qılmağa razı olduğlarını bildiriblər.
Şahid ifadələri yekunlaşdıqdan sonra hakim iddiaçılara və cavabdeh tərəfə çıxış üçün söz verib.
Süleymanov çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib və buna görə proses noyabrın 25 -dək təxirə salınıb.
Bu il avqustun 17- də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının Dini İcmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə partlayış olub.
Naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.