...

Moskvada "KİV və MDB-nin humanitar potensialı" formu keçirilir

Cəmiyyət Materials 1 Dekabr 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Bazar ertəsi milli kütləvi inforomasiya vasitələrinin Moskvada keçirilən forumunda "KİV və Müstəqil Dövlətlər Birliyinin humanitar potensialı" mövzusu müzakirə olunur.

Dekabrın 3-dək davam edəcək forumun təşkilatçısı Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə birgə Rusiyanın "RİA Novosti" İnformasiya Agentliyidir.

Foruma Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniyanın nüfuzlu KİV nümayəndələri, həmçinin Birlik ölkələrinin ekspert-analitik cəmiyyətlərinin üzvləri dəvət olunub.

Forumda Azərbaycanı Prezident Administrasiyasının Siyasi təhlil və inforomasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Trend Xəbərlər Şirkətinin baş direktoru İlqar Hüseynov, "Antenn" teleradioşirkətinin prezidenti Rüstəm Əliyev, AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru Faiq Hüsiyev və "Azərbaycan" qəzetinin müxbiri Rizvan Cəfərov təmsil edir.

Tədbir iştirakçıları arasında Rusiyanın ali qanunverici və icra hakimiyyəti orqanları, parlament dairələri və MDB çərçivəsində dövlətlərarası əməkdaşlıq institutlarının nümayəndələri də olacaq.

Keçmiş Sovet ölkələrinin milli dövri mətbuatları forumunun keçirilməsi ideyası yeni humanitar inteqrasiyanın konturlarını qeyd etmək tələbindən irəli gəlib. Belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edən "RİA Novosti" Birliyin informasiya məkanını səmərəli əməkdaşlıq alətinə çevirmək üçün jurnalist cəmiyyətlərinin səylərinin birləşdirilməsinə ümid edir.

Forumların keçirilmə tarixi 2006-cı ilin dekabrından başlanır. Həmin ildə Moskvada MDB və Baltik ölkələrinin milli kütləvi informasiya vasitələrinin ilk forumu keçirilib.

İştirakçılar III forum çərçivəsində sabit informasiya tərəfdaşlığı modeli hazırlamalı və inteqral mediya layihələri hesabına informasiya-humanitar əməkdaşlıq sahəsini genişləndirməlidirlər.

Forum çərçivəsində nəzərdə tutulan tədbirlər: "Keçmiş Sovet məkanı: dəyişən dünyada sabit informasiya tərəfdaşlığı. Humanitar baxış" mövzusunda plenar iclas, mətbu KİV, radio və televiziya, informasiya agentlikləri və İnternet-nəşrlər üzrə seksiya işi, həmçinin Dəyirmi masalar, açıq fikir mübadiləsi üçün müzakirələr, Moskva ilə MDB ölkələrinin paytaxtlarını birləşdirəcək videokörpülər.

Xəbər lenti

Xəbər lenti