...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçmiş prezidenti yığma komandalara legioner futbolçuların cəlb edilməsini düzgün saymır

Cəmiyyət Materials 13 Yanvar 2009 14:40 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçmiş prezidenti yığma komandalara legioner futbolçuların cəlb edilməsini düzgün saymır

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayev hesab edir ki, AFFA-nın hazırkı rəhbərliyi heç bir iş görmür.

"AFFA rəhbərliyinin yığma komandalara legioner futbolçuları cəlb etməsi düzgün addım deyil. Federasiyada heç bir iş görmürlər. Mənim vaxtımda AFFA-nın büdcəsi 500 min dollar olardı. Amma indi federasiyanın imkanları çox yüksəkdir. Bununla belə, heç nə dəyişməyib", - çərşənbə axşamı Trend -a Musayev deyib.

Musayev AFFA-nın prezidenti vəzifəsində 10 ildən çox fəaliyyət göstərib. Ondan sonra AFFA-ya mərhum Ramiz Mirzəyev rəhbərlik edib.

Hazırda federasiyanın prezidenti Rövnəq Abdullayevdir.

"Deyirlər ki, uşaq futbolu inkişaf edir. Onda nəyə görə aşağı yaş qrupları üzrə ylğma komandalara Rusiyadan, Ukraynadan olan futbolçuları dəvət edirlər? Mən hələ əsas milli komandadan danışmıram", - deyə AFFA-nın keçmiş prezidenti əlavə edib.

Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarında Rusiyadan, Ukraynadan, Braziliyadan, Serbiyadan olan futbolçular çıxış edirlər.

Musayev bildirib ki, Abdullayev AFFA-ya nəzarət etmək üçün vaxt tapa bilmir. O, bunu federasiya prezidentinin həm də ARDNŞ-nin prezidenti olması ilə əlaqələndirib.

Musayev Azərbaycan Premyer-Liqasının sonuncu qalibi olan Bakının "İnter" klubunun atdığı addımlardan razı qalmadığını deyib.

"İnter"in prezidenti Bolqarıstandan, baş məqçisi isə Ukraynadandır. Komandanın heyətindəki futbolçuların çoxu isə xarici oyunçulardır. "Xəzər-Lənkəran"da da oxşar vəziyyətdir. Bir ildən sonra başqa klublar kimi "Xəzər-Lənkəran" da dağılacaq", - o deyib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə çərşənbə axşamı Trend -a açıqlamasında Musayevin ittihamlarının heç bir əsası olmadığını deyib.

"Federasiyanın gördüyü işlər göz qabağındadır. Təkcə 2008-ci ildə yığma komanda 8 yoxlama oyunu keçirib, beynəlxalq əlaqələri genişlənib. Futbol akademiyası tikilir, başqa böyük layihələrimiz var. Yığma komandalara yüksək şərait yaradılıb, futbolçularımız xaricə təlim-məşq toplanışlarına gedirlər", - Nərimanoğlu əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti