Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir C.Babayeva/ Milli Məclisin (parlament) İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova hesab edir ki, xalqın və dövlətin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanda strateji elita formalaşdırılmalıdır.
"Dünyanın böyük ölkələrində dövlət əhəmiyyətli milli maraq və mənafelərin qorunması üçün bütün qüvvəsini səfərbər edən elitaların konsolidasiyası - strateji elita məfhumu formalaşıb. Azərbaycanda strateji elitanın formalaşdırılması üçün elitalar arasında düz mütənasiblik olmalıdır", - Trend -un məlumatına görə, Aslanova çərşənbə günü "İrəli" İctimai Birliyinin milli elita mövzusunda təşkil etdiyi diskussiyalarda bildirib.
Aslanovanın sözlərinə görə, bu gün Azərbaycana süni yaradılmış elita lazım deyil. "Azərbaycana mənəvi dəyərləri özü üçün hər şeydən üstün tutan elita lazımdır. Milli elita cəmiyyət daxilində emosiyalar deyil, yüksək zəka potensialı ortaya qoymalı və cəmiyyətin enerjisini səfərbər etmək qabiliyyətinə malik olmalıdır", - millət vəkili deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]