...

Azərbaycanın "Bakılı" futbol klubu baş məşqçi problemini həll edə bilməyib

Cəmiyyət Materials 10 Fevral 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakılı" futbol klubu baş məşqçi problemini həll edə bilməyib.

"Hazırda komandamızın baş məşqçisi vəzifəsini Bəxtiyar Qulamov həyata keçirir. Yeni baş məşqçi ilə müqavilə bağlamamışıq. Bu məsələ ilə bağlı danışıqlar aparırıq və tezliklə yeni baş məşqçi ilə müqavilə bağlamağımız mümkündür", - çərşənbə axşamı Trend -a "Bakılı" klubunun prezidenti Misir Əbilov deyib.

"Bakılı" komandası Azərbaycan Premyer-Liqasının birinci dövrəsinin əksər oyunlarına Nadir Qasımovun baş məşqçiliyi altında çıxıb. Qasımovun istefa verməsindən sonra baş məşqçi vəzifəsi komandanın məşqçisi Bəxtiyar Qulamova tapşırılıb.

Əbilov bildirib ki, Qasımov növbəti dəfə "Bakılı"nın baş məşqçisi ola bilməz.

"Biz yeni baş məşqçi axtarırıq. Amma namizədlərimiz arasında Qasımovun adı yoxdur. O, hazırda "Muğan" klubundadır və hesab edirəm ki, növbəti dəfə eyni klubda işləyə bilmərik", - deyə klub prezidenti əlavə edib.

Əbilov "Bakılı"nın Premyer-Liqanın ikinci dövrəsinə tam hazır olduğunu deyib.

"Komandamız çempionata tam hazırdır. Əsas məqsədimiz Premyer-Liqadakı yerimizi qorumaqdır. Bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq".

"Bakılı" Premyer-Liqanın birinci dövrəsindən sonra 6 xalla 11-ci yerdədir.

Azərbaycan Premyer-Liqasının ikinci dövrəsi fevralın 14-də başlayacaq.

"Baklılı" ikinci dövrənin ilk turunda səfərdə "Qarabağ"la görüşəcək.

Klub prezidenti bildirib ki, "Bakılı" klubuna məxsus yeni stadionun tikintisi davam edir və yeni arena bu ilin sentyabr ayında istifadəyə hazır olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti