...

Azərbaycanın Kürdəmir rayonunda müasir sutəmizləyici qurğular istifadəyə verilib

Cəmiyyət Materials 19 Fevral 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Kürdəmir rayonunun Muradxan, Mollakənd və Şıxımlı kəndlərində "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib.

Müasir texnologiyalı sutəmizləyici qurğuların fəaliyyəti nəticəsində Muradxan (gün ərzində 40 m3 ) kəndinin 2007 nəfər əhalisi 11 bulaq, Mollakənd (gün ərzində 50 m3) kəndinin 2500 nəfər əhalisi 11 bulaq, Şıxımlı (gün ərzində 50 m3) kəndinin 2400 nəfər əhalisi isə 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək, cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib.     

Trend -un arayışı: Azərbaycan prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamında Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Prezidentin Sərəncamının icrası istiqamətində 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti