Azərbaycan, Bakı, 05 may / Trend , müxbir A.Hüseynbala /
Astara rayon sakinləri Balaca Şahağac, Kolatan və Kakalos kənd bələdiyyələrinin birləşdirilməsindən narazıdırlar.
Həmin kənd sakinlərindən çərşənbə axşamı Trend -a daxil olan müraciətdə bildirilib ki, bələdiyyələrin birləşdirilməsi zorla həyata keçirilir, qanun isə bunun tam əleyhinədir. Qanunda qeyd olunur ki, bələdiyyələr seçicilərin 50+1 razılığı ilə birləşdirilə bilər.
"Bizim birləşmək istəməməyimizin digər səbəbi Balaca Şahağac və Kakalos kəndləri arasındakı məsafənin 3-4 km olmasıdır. Qamışovka kəndi ilə 5-6 km məsafə var. Bütün bunlar isə kəndin yaşlı, qoca, xəstə adamlarına hazırkı vəziyyətdə bu qədər məsafəni gedib-gəlməsi üçün çox ciddi çətinliklər yaradacaq. Kəndimizin 400 hektara yaxın torpaq sahəsi, 400-450 təsərrüfatı var", - müraciətdə qeyd olunub.
Astara Rayon İcra Hakimiyyətindən isə çərşənbə axşamı Trend -a bildiriblər ki, rayon ərazisində əhalisi 2000-dən az olan bələdiyyələr birləşdiriləcək.
"Bu cür tədbirlər bütün rayonlarda həyata keçirilir. İşin effektliyi üçün xırda bələdiyyələr böyük bələdiyyələrə birləşdiriləcək. Həmin kənd bələdiyyələrində isə əhalinin sayı olduqca azdır", - İcra Hakimiyyətindən bildiriblər.
Astara paytaxt Bakıdan 320 kilometr cənubda yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]