Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanda yaşıllaşdırılmanın məhvinə görə tətbiq olunan cərimələrin artırılmasında beynəlxalq təcrübə öyrənilir, cümə axşamı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
"Nazirlikdə Bakının 10 rayonunun İcra Hakimiyyəti başçısı müavinlərinin, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi rəhbərinin və digər müvafiq strukturların iştirakı ilə qərargah yaradılıb", - nazir əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev hər-hansı bir ərazidə obyekt tikintisi zamanı ağac kəsilməsinə qadağa qoyub. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafa həsr edilmiş iclasda bəyan edib.
"Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi zamanı ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və hasarın dalında bütün ağaclar məhv edilir. Daha sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olub. Mən Hacıbala Abutalıbova göstərişlər vermişdim. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən sui-istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bu hallara son qoysunlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram", - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, yalnız hər-hansı bir infrastruktur layihəsi icra olunarkən, yol genişləndirilərkən ağac kəsilməsinə yol verilə bilər.
Bağırovun sözlərinə görə, qərargahın yaradılmasında əsas məqsəd yaşıllaşdırma prosesinə nəzarət etmək və bu işləri koordinasiya etməkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]