Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir H.Bağırov /
Azərbaycan məhkəməsi terrorçuluq barədə yalan məlumat verən məktəbliyə hökm oxuyub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bazar ertəsi Trend -a verilən məlumata görə, orta məktəbə partlayıcı maddə qoyulması ilə bağlı yalan məlumat verməkdə təqsirləndirilən 10-cu sinif şagirdi Orxan Musazadəyə məhkəmə dörd ay azadlıqdan məhrumetmə cəzası verib.
Musazadə 2009-cu ilin fevralın 24-də təhsil aldığı Mingəçevir şəhər 12 saylı təhsil müəssisəsinin müəllimlər üçün nəzərdə tutulan otağına öz mobil telefonundan zəng edərək bomba qoyulması barədə məlumat verib. Məktəbli həmin gün həbs olunmuşdu.
Musazadə Cinayət Məcəlləsinin insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilərəkdən yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunub.
Təqsirləndirilən özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.
Bu il 20-dən artıq müxtəlif obyektlərə bomba qoyulması ilə bağlı yalan zəng qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]