...

1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan şəxslərin köçürülməsinə başlanılıb - Penitensiar Xidmətin rəisi

Cəmiyyət Materials 11 İyun 2009 12:56 (UTC +04:00)
1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan şəxslərin köçürülməsinə başlanılıb - Penitensiar Xidmətin rəisi

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Bu həftə yeni istifadəyə verilən Bakı İstintaq Təcridxanasına 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan şəxslərin köçürülməsinə başlanılıb, cümə axşamı jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.

Azərbaycan paytaxtında yeni istifadəyə verilən İstintaq Təcridxanasına ötən həftə ictimai baxış keçirilib.

Trend -un məlumatına görə, ictimai baxış zamanı Ədliyyə Nazirliyinin Cəzaların İcrası Müfəttişliyinin rəisi Malik Ələkbərov jurnalistlərə bildirib ki, 20 hektar ərazidə inşa olunan istintaq təcridxanası 2500 nəfər üçün nəzərdə tutulub. Təcridxana 9 korpusdan ibarət olacaq, hazırda isə onlardan 3-ü istifadəyə verilib. Təcridxanada ümumilikdə 1, 2, 4 və 6 nəfərlik olan 576 kamera, 38 nəfərlik isə cərimə kameraları var, hər məhkum üçün 4 kv.m-dən az olmayan sahə düşür.

Hazırda 1 saylı təcridxanada 1200, 3 saylıda isə 1150 nəfər saxlanılır.

Bakı İstintaq Təcridxanasının ərazisində ilin sonunda qadın məhkumların saxlanılması üçün 350 nəfərlik cəzaçəkmə müəssisəsi, 150 nəfərlik tərbiyə müəssisəsi, Müalicə Müəssisəsi və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin binasının tikintisinə başlanılacaq.

Ələkbərovun sözlərinə görə, ilkin mərhələdə yeni istintaq təcridxanasına 1200 şəxs köçürüləcək və proses gələn həftə başa çatacaq.

İlkin mərhələdə Bayıl İstintaq Təcridxanasında saxlanılanların bütövlüklə, 3 saylı Şüvəlan İstintaq Təcridxanasından isə bir neçə yüz şəxsin köçürülməsi nəzərdə tutulur.

PX rəisi bildirib ki, Şəkidə inşa olunan cəzaçəkmə müəssisəsi ilin sonuna kimi istifadəyə veriləcək. Umbakı ərazisində inşa olunan həbsxana isə 2010-cu ildə istifadəyə veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti