İran polisinin məlumatına görə, Kəhrizək istintaq təcridxanasının bir neçə rəhbər vəzifəli şəxsi işdən kənarlaşdırılaraq cəzalandırılıb. Onların işdən uzaqlaşdırılmasına səbəb fəaliyyətlərində özbaşnalığa yol vermələri olub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən xəbər verir.
İranın ali rəhbəri ayətulla Əli Xamneyinin Kəhrizək təcridxanasının bağlanması barədəa verdiyi göstərişdən sonra, həmin təcridxanada baş verən hadisələri araşdırmaq məqsədilə Milli Təhlükəsizlik Ali Şurasının iştirakı ilə xüsusi araşdırma qrupu təşkil olunub.
İran polisinin komandiri general Əhmədi Müqəddəmin göstərişi ilə yaradılmış xüsusi araşdırma qrupu bu məsələ ilə məşğul olur.
Kəhrizək həbsxanasının rəhbərinin işdən kənarlaşdırılmasına və cəzalandırılmasına səbəb kimi təcridxanaya həddən artıq məhbusun qəbul edilməsi, həbsxananın problemlərinin yuxarı instansiyalara elan olunmaması, məhbusların saxlanması və qorunmasına dair verilmiş göstərişləri yerinə yetirilməməsi göstərilib.
Məlumata görə, məhbuslara fiziki təzyiq, işgəncə tətbiq etdikləri üçün təcridxananın iki nəzarətçisi cəzalandırılıb və işdən azad olunub.
Təcridxananın fəaliyyətinə nəzarətdə səhlənkarlığa yol vermiş daha iki rəhbər vəzifəli şəxs də işdən azad olunaraq cəzalandırılıb.
Bu tədbirlər ilkin araşdırmanın nəticəsində görülüb və araşdırma hazırda davam edir.
Kəhrizək həbsxanası Tehranın yaxınlığında olan Kərəc şəhərinın ərazisində yerləşir. İranın ali lideri Xamneyi iyulun 28-də Kəhrizək təcridxanasının bağlanması barədə qərar verib. BBC-nin həmin gün yaydığı məlumata əsasən, bu təcridxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılırdı. Xamneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhüləmininin və bir neçə şəxsin həmin təcridxanada naməlum şəraitdə ölümündən sonra verilib.
Əhmədinejad isə iyulun 30-da ədliyyə nazirinə məktub yazaraq, 140 məhbusun azadlığa buraxılmasını xahiş edib.