Azərbaycan, Lənkəran, 07 avqust / Trend , müxbir P.Əliyeva /
Azərbaycanın Lənkəran rayonunda (paytaxt Bakıdan 270 km cənubda) idarə və müəssisə rəhbərlərini şantaj edərək pul əldə edən iki müxbir saxlanılıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran və Masallı rayonları ərazisində ayrı-ayrı təşkilat və müəssisə rəhbərlərindən özlərini "Hüquq və İttiham" və "Qanun və nəzarət" qəzetlərinin əməkdaşları kimi təqdim edərək şantaj yolu ilə pul əldə edən iki nəfər saxlanılıb. Bu barədə cümə günü Trend -a Lənkəran Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyev məlumat verib.
O bildirib ki, saxlanılanlar Gəncə şəhər sakini Cəfərov Mobil Razim oglu və Rusiyanın Primorsk diyar sakini Hacıyev İlqar Aydın oğludur.
Təqsirləndirilən şəxslər həmçinin Lənkəranın Viyən kənd kitabxanasının əməkdaşlarından 30 manat, Yuxarı Nüvədi kənd kitabxanasının əməkdaşlarından 20 manat, Velədi kənd mədəniyyət evinin əməkdaşlarından 30 manat məbləğində pul alıblar. Əməliyyat adı çəkilən idarələrdən daxil olan məlumatlar əsasında həyata keçirilib. Orta təhsilləri olan reket müxbirlərdə əməkdaşlıq etdikləri qəzetlərə aid vəsiqə də olub.
Fakt üzrə Lənkəran RPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır. Təqsirləndirilən şəxslərin daha bu kimi hansı əməllər törətdikləri araşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]