Azərbaycan, Bakı, 19 avqust / Trend , muxbir H.Bağırov /
Bakı şəhərində Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, Maştağa qəsəbə sakini İqor Fedoseyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı sentyabrın 1-nə təyin edilib.
Bu il iyunun 15-də saat 00.59 radələrində Maştağa qəsəbəsi, M.Şəfai küçəsi ev 34-dən özünü təqdim etməyən şəxs polisə zəng edərək Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması və səhər saat 09.00-da partlayacağı barədə məlumat verib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində stansiyaya bomba qoyulması barədə polisə yalan məlumat vermiş Maştağa qəsəbə sakini Fedoseyev tutulub.
Fedoseyev Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]