Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir H.Bağırov /
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran İslam Respublikasının vətəndaşları Teimouri Mohammad Meser oğluna və Nasiri Pasgər Əli oğluna 11 il, Azərbaycan vətəndaşı Elxan Telman oğlu Əhmədova 1 il cəza kəsilib.
Təqsirləndirilən şəxslər bu il fevralın 5-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tutulublar.
Teimouri Mohammad və Nasiri Pasgər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, satma (234.4.1), külli miqdarda narkotik vasitəni əldə etmə (234.4.3), Elxan Əhmədov isə Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1) maddələri ilə ittiham olunublar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]