Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Buzovna qəsəbəsi sahilində "Xəzər həftəsi" çərçivəsində iməcilik keçirib.
Nazirlik 23-30 sentyabr tarixində keçirilən "Xəzər həftəsi" çərçivəsində tədbirlər planı hazırlayıb.
İməcilikdə yerli icra hakimiyyətinin nümayəndələri və bələdiyyə üzvləri iştirak edib.
Ekologiya Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi direktorunun müavini Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, dəniz sahilinin 15-20 km sahəsində keçirilən iməclikdə ərazi məişət tullantılarından təmizlənib.
Onun sözlərinə görə, "Xəzər həftəsi" çərçivəsində vətəndaşların, yerli icra hakimiyyəti qurumlarının və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə iməcilik və dairəvi masaların keçirilməsi nəzərdə tutulub.
BMT-nin qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il sentyabrın son həftəsin "Beynəlxalq dəniz günü" qeyd olunur.
Azərbaycanda hər il sentyabrın sonuncu həftəsi "Xəzər həftəsi" kimi qeyd olunur.
Trend -un arayışı: Xəzər dənizinin sahəsi təxminən 380 000 kvadrat kilometr təşkil edir. Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycanda 955,08 km, Rusiyada 695 km, Qazaxıstanda 2320 km, Türkmənistanda 1200 km, İranda təxminən 900 kilometr təşkil edir. Xəzər hövzəsində neft-qaz yataqları dünyanın bir çox şirkətinin marağına səbəb olur.
Məqalə müəllifi ilə əlaqə ünvamı: [email protected]