Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/
Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası çərçivəsində bu ölkələrin parlamentlərində akkreditə olunmuş jurnalistlərin toplantısı keçirilib.
Trend -un məlumatına görə, jurnalistlər Türkdilli Ölkələrin Parlament Jurnalistlər Assosiasiyasının yaradılması ilə bağlı razılığa gəliblər. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan parlament jurnalistləri təmsilçilərinin birgə toplantısında "Zaman-Qırgızıstan" qəzetinin baş redaktoru və parlament müxbiri və Türkiyənin "Cihan" İnformasiya Agentliyinin Qırgızıstan təmsilçisi Aydın Pazarçı qurumun sədri, Azərbaycan, Türkiyə və Qazaxıstandan olan nümayəndələr isə qurumun müavinləri seçiliblər. Ölkəmizi təşkilatda Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı təmsil edəcək.
PJB sədri Elşad Eyvazlı bildirib ki, quruma sədrlik məsələsi ildə bir dəfə növbəlılık prinsipi ilə həyata keçirilməsi nəzərdə tutulur: "Yaxın zamanlarda Türkdilli Ölkələrin Parlament Jurnalistlər Assosiasiyasının Nizamnaməsi təsdiqlənəcək. Qarşılıqlı səfərlər təşkil olunacaq və təcrübə mübadiləsi aparılacaq. Çalışacağıq ki, Türkdilli Ölkələrin Parlament Jurnalistlər Birliyi böyük beynəlxalq quruma çevrilsin. Özbəkistan və türkmənistanlı həmkarlarımızın da bu quruma qoşulması başlıca hədəflərimizdəndir", - deyə Eyvazlı bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]