...

Azərbaycanın Teleradio Şurası telekanallardakı dəyişikliklərin gözlənilən səviyyədə olmadığını bəyan edib

Cəmiyyət Materials 22 Oktyabr 2009 11:47 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyası rəhbərinin iradlarından sonra televiziya və radioların fəaliyyətində müsbət istiqamətdə müəyyən irəliləyişlər baş verib.
Azərbaycanın Teleradio Şurası telekanallardakı dəyişikliklərin gözlənilən səviyyədə olmadığını bəyan edib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın Prezident Administrasiyası rəhbərinin iradlarından sonra televiziya və radioların fəaliyyətində müsbət istiqamətdə müəyyən irəliləyişlər baş verib.

"Bu irəliləyiş bizim gözlədiyimiz səviyyədə olmasa da, proses gedir, radioların verilişlərindəki nöqsanlar aradan qaldırılır", - cümə axşamı Trend -a Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Məhərrəmlinin sözlərinə görə, televiziya kanallarının bəzilərində mövzular dəyişdirilib, bəziləri öz fəaliyyətlərində dəyişiklik edirlər.

"Amma gözləntilərimiz çoxdur", - şura sədri əlavə edib.

Telekanalların faəliyyətinə daha ciddi nəzarət etmək imkanı yaradılması üçün MTRŞ-in səlahiyyətlərinin artırılması ilə bağlı təkliflərə gəldikdə, Məhərrəmli deyib ki, onlar inzibati yolla yaradıcılıq işlərinə qarışmaq istəmirlər.

"Lakin bu məsələ gündəmdədir və bunu qanunverici orqanı həll etməlidir. Bizi vaxtilə hansısa səlahiyyət istəməkdə qınayırdılar. Vaxtında həmin səlahiyyətlər verilsəydi, indiki problemlər də ortaya çıxmazdı", - şura rəhbəri vurğulayıb.

Məhərrəmli qeyd edib ki, noyabr və dekabr aylarında Elektron mediaya yardım fondu ilə birgə treninqlər keçiriləcək.

"Tədbirdə televiziya və radio üzrə tanınmış mütəxəssislər və telekanalların proqram siyasətinə məsul olan şəxsləri, aparıcılar iştirak edəcəklər", - o deyib.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti