...

İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisi casusluqda ittiham olunur

Cəmiyyət Materials 31 Oktyabr 2009 13:51 (UTC +04:00)
İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisi casusluqda ittiham olunur. Bu barədə Trend News-a şənbə günü telefonla İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari məlumat verib.
İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisi casusluqda ittiham olunur

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , muxbir T.Cəfərov/

İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisi casusluqda ittiham olunur, şənbə günü Trend -a telefonla İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari məlumat verib.

"Rəşid Əliyevin həbsinin bizim şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir aidiyyatı yoxdur. Onu milli təhlükəsizlik məsələsi ilə bağlı həbs ediblər. Daha açıq desəm, casusluq məsələsinə görə həbs olunub", - deyə Eftexari bildirib.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb.

Alimin Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Komitə hesab edir ki, Əliyevin həbsinin səbəblərinin araşdırılması və azadlığa çıxması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar ünvanlanıb, İranın Azərbaycandakı səfirliyi məlumatlandırılıb, lakin indiyədək alimin ailəsinə onun həbsinin səbəbləri barədə rəsmi məlumat verilməyib. Komitə və alimin ailəsi əlaqədar qurumlardan Əliyevin qanunsuz həbsdən azad olunması və onun vətənə qayıtmasına kömək göstərilməsini xahiş edir.

Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər.

Eftexari Əliyevin kimə casusluq etdiyi və məsələnin mahiyyətindən xəbərsiz olduğunu deyib.

"Mənə deyiblər ki, bu adam casusluq edib və ona görə həbs olunb. Hansı ölkəyə casusluq etdiyini deməyiblər", - Eftexari bildirib.

Eftexari bildirib ki, Əliyev adıçəkilən şirkətdə şirkətlə birgə layihə üzrə çalışırdı və İranın Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları tərəfindən şirkətdə həbs olunaraq aparılıb.

Eftexari Əliyev həbs olunarkən etiraz etdiklərini deyib. "Etiraz etdik. Lakin Daxili İşlər Nazirliyindən və Milli Təhlükəsizlik Nazirliyindən gələn şəxslərə qarşı çox etiraz eləmək olmur", - deyə şirkətin rəhbəri bildirib.

Əliyevlə görüşə icazə verilməsə də, ona telefonla zəng etmək imkanı yaradıldığını deyən Eftexari iki gun öncə onunla telefonda danışdığını deyib.

Eftexari qeyd edib ki, azərbaycanlı alimin hüquqlarını müdafiə etmək üçün şirkət vəkil də tutub, lakin polis vəkilin işə çıxmasına icazə verməyib.

"İranın qanunlarına görə, həbs olunmuş şəxs məhkəməyə göndərilməyənədək nə vəkil tutmaq, nə də müdafiəsi ilə bağlı bir iş görmək olar. Əliyevə vəkil tutmuşduq, lakin polisdən dedilər ki, hazırda araşdırma aparılır və məhkəməyə qədər ona vəkil lazım deyil. Yəni hələlik sorğu-sual gedir. İş məhkəməyə göndəriləndən sonra, vəkil tutmalı və müdafiə etməliyik", - deyə şirkətin rəhbəri bildirib.

Onun sözlərinə görə, Əliyev hazırda Evin həbsxanasında beşinci korpusda saxlanılır.

Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib.

Sərhəd Qoşunlarının "Keşikçi gəmisi", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədqiqat gəmisi", "Balıq mühafizə gəmisi"nin əsaslı təmirinə cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti