...

İsmayıllı şair və yazıçılarının əsərlərindən ibarət kitab çap olunub

Cəmiyyət Materials 20 Noyabr 2009 17:54 (UTC +04:00)
İsmayıllıdan olan şair və yazıçıların əsərlərindən ibarət "Dağ çiçəkləri" adlı kitabın təqdimetmə mərasimi keçirilib.
İsmayıllı şair və yazıçılarının əsərlərindən ibarət kitab çap olunub

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

İsmayıllıdan olan şair və yazıçıların əsərlərindən ibarət "Dağ çiçəkləri" adlı kitabın təqdimetmə mərasimi keçirilib.

Trend -un məlumatına görə, "Dağ çiçəkləri" almanaxında eyniadlı ədəbi məclisin üzvlərinin və İsmayıllıda doğulmuş 70-dən artıq şair və yazıçının əsərləri toplanıb.

Kitabda şairlər Musa Yaqub, Baba Vəziroğlu, Aydın Səlimzadə, Əkrəm Məmməd, Mövlud Teymur, nasirlərdən Əbülhəsən Ələkbərzadə, Çingiz Ələkbərzadə və digərlərinin müxtəlif mövzularda olan nəzm və nəsr əsərlərindən seçmələr yer alıb.

Bədii toplunun redaktoru Maarif Soltan bildirib ki, İsmayıllıda bir qism yazarlar müxtəlif problemlər səbəbindən əsərlərini çap etdirmək imkanından məhrum olub, yaradıcılıqlarını əyalətdən kənarda tanıda bilməyiblər.

"Dağ çiçəkləri" kitabı bu imkandan məhrum olan qələm sahiblərinin yaradıcılığını geniş oxucu kütləsinə çatdırmağa imkan verdi. Rayonda çox güclü yaradıcılıq imkanı olan, sözə, sənətə, ədəbiyyata aşiq insanlar kifayət qədərdir. Geniş oxucu kütləsi bu kitab vasitəsilə həmin qələm sahiblərinin yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcək", - deyə Soltan vurğulayıb.

Şair Musa Yaqub bildirib ki, 41 il əvvəl İsmayıllıda fəaliyyətə başlayan "Dağ çiçəkləri" adlı ədəbi məclis yarandığı gündən gənc qələm sahiblərinin yaradıcılığında stimul olub.

"Bu məclisə rayonun hətta ən ucqar kəndlərindən olan şairlər böyük həvəs və maraq göstərib, onun bütün toplantılarında iştirak ediblər. Bu gün ədəbiyyatımızda "Dağ çiçəkləri" məclisindən çıxan çox məşhur yazarlar var və onların əsərləri çox sevilir", - deyə şair vurğulayıb.

Tədbirdə İsmayılıdan olan şairlər, yazıçılar və ziyalılar iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti