Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda 2010-cu ildə "Savadlı ana savadlı gələcəkdir" layihəsi həyata keçiriləcək.
"Layihəyə hazırlıq çərçivəsində bəzi regionlarda monitorinqlər keçirilib və qızların orta təhsildən yayınmasının ciddi problem olduğu müəyyənləşdirilib", - Trend -un məlumatına görə, çərşənbə günü keçirilən tədbirdə "Lider qadınlar" İctimai Birliyinin rəhbəri, millət vəkili Məlahət İbrahimqızı bildirib.
İbrahimqızının sözlərinə görə, bununla bağlı təhsil nazirinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərinə məlumat verilib. "Bu problemin həllində ziyalılar, aidiyyatı qurumlar öz sözünü deməlidir", - millət vəkili əlavə edib.
Birlik rəhbəri deyib ki, Azərbaycan qadınlarının III qurultayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızların orta məktəbdən yayınmasının qarşısının alınması üçün qadınları səfərbər və həmrəy olmağa çağırıb.
"Bu problem bütün bölgələrdə olmasa da, həllinə ciddi yanaşmaq lazımdır", - tədbirdə çıxış edən "Demokratik İnkişaf İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Gültəkin Hacıbəyli bildirib.
Onun fikrincə, bir sıra hallarda regionlarda rəsmi nikah olmadan ailələr qurulur ki, bu da problem yaradır.
"Qızların orta məktəbdən yayınmasının qarşısının alınması üçün davamlı olaraq tədbirlərin keçirilməsinə ehtiyac var", - təhsil nazirinin müavini İradə Hüseynova bildirib.
Nazir müavini deyib ki, qadın savadlı olarsa, cəmiyyət də savadlı olacaq və bu, təkzibolunmaz bir faktdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]