...

Azərbaycan telekanallarında şou xarakterli verilişlərin artmasının qarşısı alınıb - Şura sədri

Cəmiyyət Materials 11 Fevral 2010 12:47 (UTC +04:00)
"Telekanalların fəaliyyətlərinə müəyyən qədər diqqət yetirdiyi hiss olunur. Bizim müşahidələrimizə görə, televiziyalarda şou xarakterli verilişlərin artmasının qarşısı alınıb. Bunun nəticəsidir ki, digər verilişlər üstünlük qazanmağa başlayıb", - cümə axşamı Trend News-a açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
Azərbaycan telekanallarında şou xarakterli verilişlərin artmasının qarşısı alınıb - Şura sədri

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, artıq telekanallarda şou xarakterli verilişlərin artmasının qarşısı alınıb.

"Telekanalların fəaliyyətlərinə müəyyən qədər diqqət yetirdiyi hiss olunur. Bizim müşahidələrimizə görə, televiziyalarda şou xarakterli verilişlərin artmasının qarşısı alınıb. Bunun nəticəsidir ki, digər verilişlər üstünlük qazanmağa başlayıb", - cümə axşamı Trend -a açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən il oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Məhərrəmli deyib ki, şura telekanalların üzərinə maarifçilik xarakterli verilişlərin həcmini artırmaq tələbi qoyur.

"Şura bu tələbində həmişə israrlı olacaq. Son zamanlar telekanallar seçdikləri mövzular və orada çıxış edənlərlə də bağlı müəyyən qədər ehtiyatlı hərəkət etməyə başlayıblar. Amma proqram siyasətində ciddi dönüş yaratmaq qısa müddətdə mümkün deyil. Buna baxmayaraq görüləsi işlər çoxdur", - MTRŞ sədri əlavə edib.

Məhərrəmli bildirib ki, telekanallardakı verilişlər müasir tələblərə uyğun olmalıdır, tamaşaçının tələbatını ödəməlidir.

"Xarici televiziyalardakı verilişlər burada bayağı şəkildə təkrarlanmamalıdır. Şura son zamanlar bu məsələnin həlli üçün də telekanllarla iş aparır. Biz onlara başa salırıq ki, bu, doğru yol deyil və yerli verilişlərin istehsalına başlamaq daha yaxşıdır. Eyni zamanda verilişlərdə sünilik, bayağılıq, şitlik aradan qalxmalıdır. İstərdim ki, bizim telekanallarda xidmət sahəsində çalışan yox, daha çox istehsalla, intellektual sahə ilə məşğul olan insanlar təbliğ olunsunlar. Amma çox təəssüf ki, indi şou-biznes sahəsində çalışanlar, müğənniləri də bura aid edirəm, daha çox təbliğ olunurlar. Mən bunu düzgün hesab etmirəm", - Məhərrəmli əlavə edib.

Şura sədri aparıcılarla da bağlı problemin olduğunu deyib.

"Aparıcılar məsələsinə telekanallar daha məsuliyyətlə yanaşmalıdırlar. Çünki aparıcılardan çox şey asılıdır. Əgər telekanallarda aparıcılar düzgün seçilərsə, onlar Azərbaycan tarixi, ədəbiyyatı, çoğrafiyası, milli-mənəvi dəyərlərlə tanış adamlar olarsa, hesab edirəm ki, efirdə daha çox baxımlılıq artar, tamaşaçılar isə bundan yalnız faydalanarlar. Amma çox təəssüf ki, bəzən efirdə yalnız xarici görünüşünə görə aparıcıların seçilməsinə üstünlük verilir. Bu da doğru deyil. Bizim fikrimizcə, aparıcıların intellektual səviyyəsi və dünyagörüşü əsas götürülməlidir", - Məhərrəmli əlavə edib.

Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti