...

Qafqaz Müsəlmanları İdarəsi bir qrup dindarın keçirdiyi yürüşlə bağlı rəsmi açıqlama yayıb

Cəmiyyət Materials 16 Fevral 2010 14:56 (UTC +04:00)
"Qafqaz Müsəlmanları İdarəsi hər zaman qanunsuz əməllərin əleyhinə olub. Biz hüquqi dövlətdə yaşayırıq. Odur ki, hər bir məsələ sivil şəkildə, qanunlar çərçivəsində həyata keçirilməlidir", - mətbuat xidmətindən Trend News-a daxil olan məlumatda bildirilir.
Qafqaz Müsəlmanları İdarəsi bir qrup dindarın keçirdiyi yürüşlə bağlı rəsmi açıqlama yayıb

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsi bir qrup dindarın keçirdiyi yürüşlə bağlı rəsmi açıqlama yayıb.

"Qafqaz Müsəlmanları İdarəsi hər zaman qanunsuz əməllərin əleyhinə olub. Biz hüquqi dövlətdə yaşayırıq. Odur ki, hər bir məsələ sivil şəkildə, qanunlar çərçivəsində həyata keçirilməlidir", - mətbuat xidmətindən Trend -a daxil olan məlumatda bildirilir.

Fevralın 13-də saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov və Salatın Əsgərova küçələrinin kəsişdiyi ünvanda yerləşən Hacı Sultanəli məscidində ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılmış şüarlar və əvvəlcədən hazırlanmış gül çələngi ilə icra hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi H.Hacıyev küçəsi ilə Şəhidlər Xiyabını istiqamətində qanunsuz yürüş etməyə cəhd göstəriblər.
Aksiya iştirakçıları polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı kobud surətdə pozaraq, N.Nərimanov küçəsində nəqliyyatın normal fəaliyyətinə mane olub, xidməti vəzifələrini yerinə yetirən Yasamal və Səbail Rayon Polis İdarələrinin əməkdaşlarını daş və əllərində olan şüarların ağac hissəsi ilə vuraraq hakimiyyət numayəndələrinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər.

QMİ bəyan edir ki, ülvi məramla yürüş etmək niyyətində olan dindarlar müvafiq hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməli, onları məlumatlandırmalıydılar.

"Qanunsuz şəkildə həyata keçirilən hər hansı əməlin nə dinimizin inkişafına, nə də dindarlara faydası ola bilər. Asayişi qorumaq polisin vəzifəsidir, lakin icazəsiz olsa belə, aksiyanın qarşısının alınması zamanı vətəndaşlara qarşı kobudluq göstərilməsi yolverilməzdir", - bəyanatda vurğulanır.

Bakı şəhər Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsinin bazar günü yaydığı birgə məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində icazəsiz yürüş keçirmək istəyən və hakimiyyət nümayəndələrinə zor tətbiq edən dörd nəfər Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan cinayət hərəkətləri törətməkdə şübhəli şəxs qismində saxlanılıb, yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati həbs seçilib, beş nəfər inzibati qaydada cərimələnib, iki nəfərə isə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti