...

Azərbaycandan olan "Nur" Uşaq və Gənclər təşkilatı beynəlxalq mükafat alıb

Cəmiyyət Materials 24 Fevral 2010 11:17 (UTC +04:00)
UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, 3 uşaq təşkilatı bu mükafatla təltif olunub. Digər iki finalçı Hondurasdan "Uşaq və Gənclər arasında Ünsiyyət Şəbəkə"si və Keniyadan "Nayrobi Gənclər üçün Məşvərətçi Xidmətləri Mərkəzi"dir.
Azərbaycandan olan "Nur" Uşaq və Gənclər təşkilatı beynəlxalq mükafat alıb

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycandan olan "Nur" Uşaq və Gənclər İctimai Birliyi San Marino-Aleksandr Bodini Fondunun Uşaq Mükafatını alıb.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, 3 uşaq təşkilatı bu mükafatla təltif olunub. Digər iki finalçı Hondurasdan "Uşaq və Gənclər arasında Ünsiyyət Şəbəkə"si və Keniyadan "Nayrobi Gənclər üçün Məşvərətçi Xidmətləri Mərkəzi"dir.

Sosial yönümlü birlik olan "Nur" təşkilatı 1999-cu ildə uşaqların öz təşəbbüsü ilə ümumi maraq, konüllü fəaliyyət və üzvlərinin bərabər hüquqlu olması prinsipləri əsasında yaradılıb. "Nur" təşkilatı öz fəaliyyətini Uşaq Hüquqları Konvensiyasına müvafiq olaraq təşkil edir.

2009-cu il San Marino Aleksandr Bodini Xeyriyyə Fondunun Uşaq Mükafatları hər bir finalçı üçün nəzərdə tutulan 20000 ABŞ dolları məbləğində mükafatdan ibarət olacaq. Mükafat fevral ayının 25-də Nyu York şəhərində San Marino Hökumətinin üzvlərinin və UNICEF-in İcraçı Direktorunun iştirakı ilə təşkil ediləcək mərasimdə təqdim ediləcək. San Marino Aleksandr Bodini Fondunun Səfiri "Nur" üçün nəzərdə tutulmuş mükafatı Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəsi cənab Aqşin Mehdiyevə təqdim edəcək.

Mükafata layiq görülən təşkilatların seçildiyi ölkələrdə fəaliyyət göstərən UNICEF-in 3 nümayəndəliyinin hər biri uşaqların iştirakının və vətəndaş cəmiyyətlərinin cəlb olunmasının təşviq edilməsindəki səylərinə görə Aleksandr Bodini Xeyriyyə Fondu tərəfindən 10000 ABŞ dolları məbləğində mükafat ilə təltif olunacaqlar.

Mükafat təyin edilərkən əsas diqqət icma əsaslı proqramlarda uşaq hüquqlarının gücləndirilməsi və müdafiəsinə töhfə verən gənclərin fəal iştirakına yetirilir. Mükafat uşaq hüquqlarının təbliğində uşaqların uğurlu töhfələrini və fədakarlıqlarını qiymətləndirir. Seçilmiş Uşaq Təşkilatlarına bu mükafatı verməklə Aleksandr Bodini Xeyriyyə Fondu onları dünyadakı digər uşaq və gənclər üçün nümunəvi insanlar qismində yetişdirməyi nəzərdə tutur.

UNICEF-in Azərbaycan Nümayəndəliyinin Rəhbəri Mark Herevard bildirib ki, bu il mükafata layiq görülmüş digər təşkilatlar kimi "Nur" qurumu da öz fəaliyyətində diqqətini uşaq hüquqlarının təbliği istiqamətində işləyən uşaq və gənclərə yönəldib və bu yanaşma digər QHT-lər üçün bir nümunədir.

"Biz Azərbaycandakı bu fəaliyyətin bütün dünya ictimaiyyəti tərəfindən tanınmasından çox şadıq və bunu yolumuzu əzmlə davam etmək üçün böyük bir stimul kimi dəyərləndiririk", - Herevard vurğulayıb.

Xəbər lenti

Xəbər lenti