...

Azərbaycanda 42 dövlət orqanı üzrə vakant yerlərə imtahanlar keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2010 15:49 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün komissiyada 4108 namizəd qeydə alınıb.
Azərbaycanda 42 dövlət orqanı üzrə vakant yerlərə imtahanlar keçiriləcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün komissiyada 4108 namizəd qeydə alınıb.

Komissiyadan bildirilib ki, ən çox namizəd Əmlak Məsələləri Dövlət Komitəsi (116 yerə qarşı 604 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (62 yerə qarşı 325 namizəd), İqtisadi İnkişaf Nazirliyi (13 yerə qarşı 300 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (12 yerə qarşı 251 namizəd), Təhsil Nazirliyi (52 yerə qarşı 245 namizəd), Bakı Apelyasiya Məhkəməsi (21 yerə qarşı 243 namizəd), Dövlət Sosial Müdafiə Fondu (60 yerə qarşı 239 namizəd) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (29 yerə qarşı 207 namizəd) üzrə qeydə alınıb.

Bu səkkiz dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 58,76%-ni təşkil edir.

Müsabiqə vəziyyətinə, yəni bir vakant yerə orta hesabla iddia edən namizədlərin sayına görə mərkəzi icra hakimiyyəti orqanları sırasında ilk yerləri İqtisadi İnkişaf Nazirliyi (1 yerə qarşı orta hesabla 23,08 namizəd) və Mədəniyyət və Turizm Nazirliyi (1 yerə qarşı orta hesabla 20,92 namizəd), məhkəmə orqanları sırasında isə Bakı Apelyasiya Məhkəməsi (1 yerə qarşı orta hesabla 11,57 namizəd) tutur.

Ən aşağı müsabiqə vəziyyəti olan dövlət orqanları isə Şəki Apelyasiya Məhkəməsi (1 yerə qarşı orta hesabla 1,9 namizəd), Dövlət Statistika Komitəsi (1 yerə qarşı orta hesabla 1,59 namizəd), Hacıqabul Rayon Məhkəməsi (1 yerə qarşı orta hesabla 1,5 namizəd), Dövlət Mülki Aviasiya Administrasiyasıdır (1 yerə qarşı orta hesabla 1,17 namizəd).

Müsabiqədə bir vakant vəzifə ilə iştirak edən Dövlət Dəniz Administrasiyası, Lənkəran, Şəmkir və Şəki rayon məhkəmələri üzrə yalnız bir namizəd qeydə alınıb.

Xocalı rayon məhkəməsi üzrə isə heç bir namizəd qeydə alınmayıb.

Namizədlərdən 966-sı (23,52%) qadın, 3 142-si (76,48%) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 63 yaşındadır.

İlk dəfə olaraq müsabiqəyə apelyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.

Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olub.

Müsabiqənin test imtahanı mərhələsi 2010-cu il aprel ayının ikinci yarısından başlayacaq. Azərbaycanda ilk dəfə olaraq test imtahanı kompüter vasitəsilə keçiriləcək. Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti