Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi işlərin yoxlanılmasına nəzarəti gücləndirib. Bu barədə Trend-ə çərşənbə axşamı AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib.
Onun sözlərinə görə, təqdim olunan elmi işlər yenidən attestasiyadan keçirilərək anonim rəyə göndərilir.
Elm işlərin yoxlanılmasında əlavə tədbirlərin görülməsinə 2010-cu ilin əvvəlindən aparılan araşdırma zamanı AMEA-nın 6 nəfər tədqiqatçısının öz dissertasiya işlərini yazarkən köçürmə hallarına yol vermələri səbəb olub. Araşdırmalar nəticəsində İnstitut direktorunun əmri ilə Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru Mais Əliyev şöbə müdiri vəzifəsindən və Elmi Şuranın üzvlüyündən azad edilib.
Məmmədzadənin sözlərinə görə, hazırda institutun əlaqəli bölmələri tərəfindən həmin şöbənin işinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi yolları axtarılır.
"Elmi işçilərin plagiat işlər görməsinin əsas səbəblərindən biri də onların xarici elmi işlərdən məlumatsız olmalarıdır. Bu problemi həll etmək üçün Rusiya, Ukrayna və digər ölkələrlə elmi tərəfdaşlığın səviyyəsini qaldırmaq lazımdır və bu məqsədlə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə silsilə beynəlxalq konfranslar və görüşlər keçiriləcək", - İnstitut rəhbəri bildirib.