Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bələdiyyə sədrinin apelyasiya şikayəti qismən təmin edilib.
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Bakının Binəqədi rayonundakı Xocasən Bələdiyyəsinin sədri Zəfər Məsimovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü dəyişdirilib və Məsimovun barəsində 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Məsimov 3 il azadlıqdan məhrum edilib.
Məsimov 2007-ci ildə Binəqədi rayonunda dövlət mülkiyyətinə məxsus 400 kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq Xanlar Dadaşovun istifadəsinə verilməsi barədə qərar qəbul edib.
Bələdiyyə sədri Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179), vəzifə səlahiyyətlərini aşma (309), rüşvət alma (311) və səhlənkarlıq (314) maddələri ilə ittiham olunub.
Ədliyyə Nazirliyi tərəfindən 2008-ci ildə inzibati nəzarət qaydasında 16 minədək bələdiyyə aktına baxılıb, 436 bələdiyyə aktı ləğv edilib, 15 bələdiyyə ilə bağlı materiallar prokurorluq orqanlarına təqdim edilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılması müəyyən edilmiş 6 min hektardan çox torpaq sahəsinin geri qaytarılması təmin olunub.
Bir neçə bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib, bir neçəsi barədə cinayət işi başlanılıb.