Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbul etdirməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan Bakı şəhər sakini Təranə Abdullayevanın cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Məhkəmədə ifadə verən Abdullayeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində bildirib ki, tələbələrin ali məktəbə qanunsuz qəbul edilməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, tələbələrin ali məktəbə qəbul edilməsini Bənövşə Hacıyeva vasitəsilə edib.
Təqsirləndirilən şəxs 2005-ci ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya və digər təhsil ocaqlarına Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıb. Onlar əvvəlcə tələbələri Dağıstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə ABU-ya köçürüləcəyini vəd ediblər.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Binəqədi Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradov 4 il, ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva isə 3 il şərti cəza alıb.
Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. Məhkəmədə Muradovun barəsində çıxarılmış hökm dəyişdirilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün digər hissəsi isə qüvvədə saxlanılıb. Lakin Muradov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti edib. Ali Məhkəmə onun şikayətini təmin edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Hazırda Bakı Apelyasiya Məhkəməsində Muradovun şikayətinə baxılır.