...

"SOYQIRIM: BAKI" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək

Cəmiyyət Materials 23 Aprel 2010 19:15 (UTC +04:00)
"Azərbaycanfilm" kinostudiyasında aprelin 24-də "SOYQIRIM: BAKI" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Film Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanıb.
"SOYQIRIM: BAKI" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

"Azərbaycanfilm" kinostudiyasında aprelin 24-də "SOYQIRIM: BAKI" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Film Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanıb.

İctimai Birlikdən cümə günü Trend-ə bildiriblər ki, filmin prodüsseri Günel Paşayeva, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayevadır. Filmin elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır. "SOYQIRIM: BAKI" sənədli filminin baş məsləhətçisi millət vəkili Qənirə Paşayevadır.

Filmdə 1918-ci ildə Bakıda erməni daşnaklarının törətdiyi soyqırım tarixi sənədlər və faktlarla öz əksini tapır. Eyni zamanda, həmin soyqırım zamanı doğmalarını, yaxınlarını itirmiş və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş insanların taleyindən də bəhs edilir. Ermənilər 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım zamanı Bakıda minlərlə dinc insanı vəhşicəsinə qətlə yetiriblər.

Filmin Azərbaycan televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi filmin nüsxələrinin çoxaldılaraq bir çox dövlət və qeyri-hökumət təşkilatları, diaspor təşkilatları vasitəsilə xaricdə yaşayan həmyerlilərimiz arasında və beynəlxalq ictimaiyyətə yayılmasını da həyata keçirməyə başlayır.

Filmin beynəlxalq ictimaiyyət arasında geniş yayılmasını həyata keçirmək üçün Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi filmin ingilis və rus dilllərində versiyasını də hazırlayır. Filmin xarici dillərdə ABŞ-da, bəzi Avropa və MDB ölkələrində təqdimatının keçirilməsi də planlaşdırılır.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi bundan əvvəl "SOYQIRIM: QUBA" filmini Azərbaycan və ingilis dillərində hazırlayaraq Azərbaycanda və bəzi xarici ölkələrdə təqdimatlarını həyatı keçirib.

Xəbər lenti

Xəbər lenti