Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/
Bazar ertəsi Bakıda Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, bütün ermənilərin katalikosu İkinci Qaregin, Moskva və bütün Rusiyanın patriarxı Kiril bu gün Bakıda keçirilən dini liderlərin Ümumdünya sammiti çərçivəsində görüş keçirib.
"Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prosesi əhəmiyyətli dərəcədə gücləndirilib və ölkə liderləri burada mühüm rol oynayıb", - patriarx Kirill görüşdə deyib. Onun sözlərinə görə, çətinliklərə baxmayaraq, münaqişənin həll edilməsi üzrə perspeltivlər var. "Biz siyasi liderlər deyilik, lakin dini liderlər kimi öz dualarımızla münaqişənin həllinə təsir edə bilərik", - patriarx deyib.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri bu məsələnin dini xarakter almaması üçün imkan verməməsinə vasitəçilik səylərinə görə Rus Pravaslav Kilsəsinin rəhbərinə təşəkkür edib.
"Mən inanıram ki, Cənubi Qafqazdakı bütün problemlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi sülh və ədalətli yolla həll ediləcək. Mən əminəm ki, siz (İkinci Qaregin) də həmçinin bu məsələnin dini xarakter almaması üçün səy göstərəcəksiniz", - Paşazadə deyib.
"Əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda səyləri davam etdirməkdir", - İkinci Qaregin görüşdə deyib.
"Biz dini liderlər kimi Qarabağda sülhün bərqərar olması üçün bütün səyləri birləşdirməli və münaqişənin dini qarşıdurmaya çevrilməsinin qarşısını almalıyıq. Mən əminəm, bu bizim öz xalqlarımızı sülhə çağıra biləcəyimiz anda ola bilər, müharibə bədbəxtlikdir", - İkinci Qaregin deyib.