...

Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində müsabiqə keçirib

Cəmiyyət Materials 14 May 2010 17:25 (UTC +04:00)
Azərbaycan Prezidenti tərəfindən elan olunmuş Azərbaycanda Ekologiya İli çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində "Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər" adlı inşa müsabiqəsi keçirib.
Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində müsabiqə keçirib

Аzərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Аğayeva/

Azərbaycan Prezidenti tərəfindən elan olunmuş Azərbaycanda Ekologiya İli çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində "Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər" adlı inşa müsabiqəsi keçirib. Müsabiqənin məqsədi Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara amerikalı tələbələri sövq etmək olub. Bu barədə səfirliyin məlumatında deyilir.

Çoxsaylı tədqiqat işlərinin qiymətləndirilməsindən sonra səfirliyin müsabiqə şurası Çinçu Harrisi və Hafi Yillahı müsabiqənin qalibləri elan edib. Qaliblər Azərbaycana səfər üçün uçuş biletləri ilə mükafatlandırılıblar. Merilend Universitetində təşkil olunmuş, professor-müəllim heyətinin və tələbələrin qatıldığı təntənəli tədbirdə səfirliyin nümayəndələri tərəfindən qaliblərə müvafiq şəhadətnamələr təqdim olunub.

Müsabiqənin hər iki qalibi Merilend Universiteti ilə Azərbaycanın Xəzər Universitetinin cari ilin 21 may - 4 iyun tarixlərində Bakıda birgə təşkil edəcəkləri ətraf mühit məsələlərinə həsr olunmuş tədris kurslarında iştirak edəcəklər. Kurs iştirakçıları Azərbaycanın ətraf mühiti, həyata keçirilən ekoloji layihələr və bu sahədə nəzərdə tutulan gələcək planlarla tanış olacaqlar.

Beynəlxalq standartlara uyğun olaraq, Xəzər Universitetində tələbələrin qazanacağı dərs kreditləri Merilend Universiteti tərəfindən tanınacaq.

1856-cı ildə təsis olunmuş Merilend Universiteti ABŞ-ın ən qabaqcıl universitetlərindəndir və ölkə miqyasında dövlət universitetləri arasında 7-ci yeri tutur. 37 minədək tələbə universitetin 13 fakültəsində təhsil alır.

Xəbər lenti

Xəbər lenti