...

Azərbaycanlılar hər zaman Türkiyənin yanında olub və bundan sonra da olacaq - BDM

Cəmiyyət Materials 3 İyun 2010 17:35 (UTC +04:00)
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) idarə heyəti Qəzza şəhərinə humanitar yardım daşıyan gəmilərə qarşı İsrail hərbçiləri tərəfindən silahlı basqına etiraz əlaməti olaraq bəyanat qəbul edib.
Azərbaycanlılar hər zaman Türkiyənin yanında olub və bundan sonra da olacaq - BDM

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) idarə heyəti Qəzza şəhərinə humanitar yardım daşıyan gəmilərə qarşı İsrail hərbçiləri tərəfindən silahlı basqına etiraz əlaməti olaraq bəyanat qəbul edib.

Beynəlxalq Diaspor Mərkəzi bəyan edir ki, hazırkı İsrail hökumətinin bu cür faşist təxəyyülü onunla dost ölkə münasibətində olan Türkiyə və Azərbaycanla əlaqələrə ciddi zərbə vura bilər. Bir müddət öncə də İsrail Parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı layihənin müzakirəyə çıxarılması da onu göstərir ki, İsrail dövləti yanlış mövqe tutub və bu, onun regionda təklənməsinə gətirib çıxaracaq.

BDM olaraq Azərbaycanda və kənarda yaşayan Azərbaycan əsilli yəhudiləri İsrail hökumətinin qeyri-insani hərəkətlərini kəskin olaraq tənqid etməyə çağırır. Beynəlxalq Diaspor Mərkəzi baş verənlərə etirazını bildirməklə yanaşı bəyan edir ki, azərbaycanlılar hər zaman Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq.

İsrailin xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti