...

Azərbaycanda "Ekologiya ili" çərçivəsində Hirkan Milli Parkına press-tur təşkil edilib (FOTO)

Cəmiyyət Materials 19 İyun 2010 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Ekologiya ili" çərçivəsində Azərbaycanın Lənkəran rayonu ərazisində yerləşən Hirkan Milli Parkına press-tur təşkil edib. Nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, ekskursiya "2010 Ekologiya ili - Yaşıl Dünya naminə" devizi altında təşkil olunur və media nümayəndələrini Hirkan Milli Parkının flora və faunası ilə tanış etmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu ekskursiya ETSN-in həyata keçirdiyi kompleks tədbirlərin bir hissəsidir və gələcəkdə bu cür ekskursiyalar digər parklarda da təşkil ediləcək.

Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov jurnalistlərə bildirib ki, 2004-cü ildə Milli Park yaranan zaman ərazisi 21 435 ha olmuşdusa, hazırda parkın ərazisi genişləndirilərək 40 358 hektara çatdırılıb. "Milli Park əsasən 3-cü dövr reliktlərin gələcək nəsillərə olduğu kimi çatdırılması məqsədilə yaradılıb", - direktor müavini deyib.

Onun sözlərinə görə, hazırda ərazidə ekoturizmin inkişaf etdirilməsi üçün lazımi şərait yaradılır.

Hirkan Milli Parkında 1204 bitki növü var ki, bu da Azərbaycanda olan bitki növlərinin 1/3-i deməkdir.

Səfərov bildirib ki, "Ekologiya ili" çərçivəsində məktəblərdə və bələdiyyələrdə təbiətin qorunması üzrə rayon əhalisinin maarifləndirilməsi işləri aparılır.

Ölkənin 40-a yaxın aparıcı KİV nümayəndələrinin qatıldığı press-tur zamanı Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini jurnalistlərə park haqqında geniş məlumat verib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Park ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və s. endemik ağaclar, eyni zamanda, leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən kimi quşlar, həmçinin, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot kimi vəhşi heyvanlar da mühafizə olunur.

Xəbər lenti

Xəbər lenti