TREND BİA aparıcı dünya informasiya agentliklərinin praktikasını tətbiq edərək, Beynəlxalq Ekspert Şurasının (BEŞ) yaradıldığını bildirir. Şuranın tərkibinə təkcə Azərbaycanın deyil, eləcə də yaxın və uzaq xarici ölkələrdən olan ictimai xadimlər, analitik və ekspertlər, işgüzar dairələrin assosiasiyalarının rəhbərləri, elm və kütləvi informasiya vasitələrinin nüfuzlu nümayəndələri daxildirlər.
TREND-in Ekspert Şurası peşəkar müstəqil ekspert rəyinin işlənməsini, intellektual qüvvələrin müxtəlif birlikləri arasında konstruktiv dialoqun inkişafını, elmi cəmiyyətlərin, kütləvi informasiya vasitələrinin və başqalarının tövsiyələrinin işlənib-hazırlanması üçün yaradılır.
TREND Ekspert Şurası prioritetlər sırasında Cənubi Qafqazda, Xəzər və Mərkəzi Asiya regionlarındakı proseslər haqda ekspert rəylərinin birləşdirilməsində məqsədyönlü fəal iştirakı nəzərdə tutur.
İlkin mərhələdə TREND BİA Beynəlxalq Ekspert Şurasının tərkibinə daxil olmaqla bağlı Azərbaycan Bank Assosiasiyaları (ABA) rəhbəri Eldar İsmayılovla; M.V.Lomonosov adına MDU-nun postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzin baş direktoru Aleksey Vlasovla; Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Atakişiyevlə; azərbaycanlı politoloqlar Rasim Musabəyov və Fikrət Sadıqovla; Mədən Sənayesində Şəffaflığın Artırılması Üzrə Beynəlxalq Koalisiyanın nümayəndəsi, Azərbaycan Vətəndaş Cəmiyyətindən EITI Beynəlxalq İdarə Heyətinin üzvü İnqilab Əhmədovla; "Yeni Azərbaycan" Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə ilə; yazıçı-tarixçi, İran üzrə ekspert Yunus Oğuzla; Azərbaycan Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyevlə; MDU SAM-ın baş direktor müavini Aleksandra Karavayeva ilə; "İzvestiya-Qazaxıstan" qəzetinin baş redaktoru Eduard Poletayevlə; Qazaxıstan Sosial-Siyasi Araşdırmalar İnstitutunun direktoru Botaqoz Rakişeva və başqaları ilə razılıq əldə olunub.
TREND BEŞ-in tərkibinin genişləndirilməsi üzrə işləri davam etdirəcək və Ekspert Şurası çərçivəsində keçirilən tədbirlər haqda məlumat verəcək.