...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu ilin altı ayı ərzində 8,7 faiz artıb - sədr Səlim Müslümov (FOTO)

Cəmiyyət Materials 14 İyul 2010 16:34 (UTC +04:00)
İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun bu ilin birinci yarısında gəlirləri 824, 7 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 65,8 milyon manat və ya 8,7 faiz çoxdur.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu ilin altı ayı ərzində 8,7 faiz artıb - sədr Səlim Müslümov (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun bu ilin birinci yarısında gəlirləri 824, 7 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 65,8 milyon manat və ya 8,7 faiz çoxdur. Trend-in məlumatına görə, bunu altı ayın yekunlarına dair keçirilən kollegiya iclasında çıxışı zamanı fondun sədri Səlim Müslümov bildirib.

"Göstərilən dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artıb. Torpaq pay mülkiyyətçilərindən qeyd olunan təyinat üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 90,7 faiz artıb. Bu dövrdə Fondun xərcləri 802,4 milyon manat təşkil edib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 96,8 faiz və ya 777,1 milyon manatı yönəldilib", - Müslümov deyib. Məlumatı çərşənbə günü DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Hesabat dövründə sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesi davam etdirilib. Cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə iyulun 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə catıb.

DSMF sədri əlavə edib ki, pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 96,7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 98,4 faizi pensiyasını plastik kartlarla alır.

Müslümov bildirib ki, bu ilin 6 ayı ərzində əhalinin pensiya təminatında maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə zəruri vəzifələrin icrası, eyni zamanda, sığorta-pensiya sistemində islahatların davam etdirilməsi diqqət mərkəzində saxlanılıb.

Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir. Orta pensiyaların həcmi isə təxminən 130 dollardır.

Sonra Fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti