Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/
Türkiyədə təhsil alan tələbə Azərbaycan haqqında elmi işi müdafiə edəcək və kitab çap etdirəcək.
Antalya Ağdəniz Universiteti iqtisadi idarəetmə fakültəsinin beynəlxalq münasibətlər bölümünün 4-cü kurs tələbəsi Özləm Yılmaz bazar ertəsi Trend-ə bildirib ki, 2007-ci ildən gerçəkləşən layihədə Azərbaycan araşdırılır.
"Bu məqsədlə Azərbaycana gəlmişəm və geniş araşdırma aparmaq üçün insanlardan müsahibələr alıram və milli kitabxanalarda tarixi sənədləri araşdırıram", - Yılmaz əlavə edib.
Köməkçi dosent doktor Necati İyikanın rəhbərliyi ilə on bir bakalavr ABŞ, Rusiya, Türkiyə, Çin, İran, həmçinin, Orta Asiya və Qafqaz ölkələrinin olduğu 12 ölkəni araşdırır. Hər bir tələbə 12 ölkə haqqında 30 səhifəlik məqalə yazacaq və 1 kitab çıxaracaq. Kitab ingilis, türk dillərində nəşr olunacaq və dərs vəsaiti olaraq universitetlərdə istifadə ediləcək. Bu kitab layihəsi Türkiyədə ilk olaraq həyata keçirilir. Layihənin ikinci hissəsində bu araşdırılan ölkələrdən 9-na səyahət daxildir.
Yılmaz deyib ki, məqsədləri o ölkələrə gedib önəmli şəxslərlə görüşmək, məqalələrə əlavələr etmək və ölkələrarası akademik körpünü qurmaqdır. "Buna əlavə olaraq, qrup şəklində edəcəyimiz səyahətlərdə çəkilişlər aparılacaq. Kitab hazırlanan müddətdə sənədli film çəkiləcək", - Yılmaz bildirib.
Onun sözlərinə görə, bu layihə vasitəsilə qurulacaq akademik dialoqdan faydalanılacaq, bölgə ölkələrindəki təşkilatların və elmi araşdırmalar mərkəzlərinin iştirakıyla Ağdəniz Universitetində beynəlxalq konfrans keçiriləcək.