...

Azərbaycanda cəza çəkən 12 iranlı və 2 livanlı məhkum İrana təhvil verilib - Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (YENİLƏNİB)

Cəmiyyət Materials 12 Avqust 2010 15:35 (UTC +04:00)
Azərbaycanda cəza çəkən 12 iranlı və 2 livanlı məhkum avqustun 8-də və 9-da cəzasının qalan hissəsini çəkmək üçün İrana təhvil verilib
Azərbaycanda cəza çəkən 12 iranlı və 2 livanlı məhkum İrana təhvil verilib - Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (YENİLƏNİB)

RED. əlavəsi: Təhvil verilən iranlı məhkumların sayı əlavə olunub

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəza çəkən 12 iranlı və 2 livanlı məhkum avqustun 8-də və 9-da cəzasının qalan hissəsini çəkmək üçün İrana təhvil verilib, - bunu cümə axşamı Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

"Avqustun 8-də Qobustan həbsxanasında cəza çəkən, terrorçuluq (214-cü), qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr satma, saxlama, daşıma və gəzmə (228-ci), qanunsuz olaraq narkotik maddələr satma, saxlama, daşıma və gəzmə (234-cü), casusluq (276-cı), dövlət sərhədini qanunsuz keçmə (318-ci), rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma (320-ci) cinayətlərində təqsirli bilinərək, hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmiş Livan vətəndaşları Nəcməddin Əli Hüseyn, Kəraki Əli Məhəmməd təyyarə ilə İrana yola salınıblar", - Penitensiar Xidmətin məlumatınada bildirilib.

Trend-in arayışı: 2009-cu ilin oktyabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə iki Livan vətəndaşı - Məhəmməd Əli Kəraki və Əli Hüseyn Nəcməddin məhkum olunublar.

Onlarla əlbir olan dörd azərbaycanlı da 14 illik həbsə məhkum edilib. İttihama görə, qrup İsrail Səfirliyinə hücum planlaşdırıbmış.

İstintaqla müəyyən olunub ki, Kəraki və Hüseynin "Hizbullah" qruplaşması ilə bağlılığı olub.

Bu gün səhər İran həbsxanasında saxlanılan azərbaycanlı alim Rəşid Əliyev azadlığa buraxılıb və o artıq Bakıya gəlib.
PX-nin məlumatına görə, digər 12 nəfər avqustun 9-da İrana təhvil verilib. Onlar qaçaqmalçılıq (206-cı), qanunsuz olaraq narkotik maddələr satma, saxlama, daşıma və gəzmə (234-cü) və digər cinayətlərdə ittiham olunaraq 8 ildən 14 ilə qədər müddətə azadlıqdan məhrum ediliblər. Onlardan 1-nəfəri qadındır.

Azərbaycanda 664 əcnəbi vətəndaş cəza çəkir.

Məhkumların verilməsi Azərbaycanla İran aarasında 1998-ci ildə imzalanmış hüquqi yardım haqqında Sazişə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti