Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda ekstremal turizm marşrutlarının aşkar olunması üçün layihə həyata keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən məlumat veriblər.
"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin İnkişafına Dövlət Proqramı"nın 2.3.8 bəndinin müddəalarına əsasən, ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə sentyabr ayının 3-dən 5-nə tarixlərində "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutunun həyata keçirilməsi nəzərdə tutulub.
Marşrut Mədəniyyət və Turizm Nazirliyi və "Bakı Professional off-roaderlər" klubunun (club 4x4) təşkilatçılığı, MBASK Sığorta Şirkəti, "İnter Diaqnostika" Tibb Mərkəzi, "Nazlı Bulaq" İstirahət Mərkəzi və "Dağlar Qoynunda" Ailəvi İstirahət Mərkəzinin dəstəyi, "Xəzər fast food" kafesi və "Red Bull"un sponsorluğu ilə həyata keçiriləcək.
"Avto Safari"də daxili turizmlə məşğul olan turizm Şirkətləri nümayəndələri ilə yanaşı, KİV nümayəndələri də iştirak edəcəklər.
Tədbir sentyabrın 3-də Azadlıq Meydanında KİV əməkdaşlarının iştirakı ilə start götürəcək.