...

Azərbaycan məhkəməsi erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə tutulan hərbçilərin cinayətini sübuta yetirə bilməyib

Cəmiyyət Materials 7 Sentyabr 2010 17:51 (UTC +04:00)
Azərbaycan məhkəməsi erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə tutulan hərbçilərin cinayətini sübuta yetirə bilməyib.
Azərbaycan məhkəməsi erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə tutulan hərbçilərin cinayətini sübuta yetirə bilməyib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycan məhkəməsi erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə tutulan hərbçilərin cinayətini sübuta yetirə bilməyib.

Trend-in məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə və hərbi hissədə əsgərlərə işgəncə verməkdə ittiham olunan Azərbaycan ordusunun əsgərləri - Məhəmməd Behbud oğlu Paşayev və Rahil Baloğlan oğlu Əliyevə hökm oxunub.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü) maddəsi ilə olan ittiham sübuta yetirilməyib və məhkəmə həmin maddə üzrə ittihama xitam verib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə (331.3), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332.1) maddələri ilə məhkum ediliblər.

Məhkəmənin hökmü ilə Əliyev 5 il, Paşayev isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində hərbi xidmət zamanı döyüş postunu özbaşına tərk edərək düşmən tərəfinin hərbçiləri ilə görüşüblər. Görüşlər zamanı hər iki əsgər məxfi əməkdaşlığa cəlb olunublar. Bundan sonra əsgərlər hərbi sirr barədə erməniləri məlumatlandırıblar.

Bundan başqa, təqsirləndirilən şəxslərin hərbi hissədə əsgərlərə işgəncə vermələri müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti