Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda sabahdan etibarən yeni - 2010/2011-ci tədris ili başlayır. Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bu tədris ilində 4 546 ümumtəhsil məktəbində 1 milyon 359 min 900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169 min 498 müəllim məşğul olacaq.
Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120 min 844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118 min 581 şagird qəbul olunub.
Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisəsində 116 min 930, 15 özəl ali məktəbdə isə 19 min 430 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12 min 800, qeyri-dövlət ali məktəblərində isə 2 min 90 müəllim çalışır.
2010-cu ildə respublika üzrə 17 434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1 418 şagird yerlik əlavə tədris korpuslarının və 3 məktəbəqədər təhsil müəssisəsinin inşası başa çatdırılıb.
7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 6 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 32 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub.
Bu il 6 980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.