Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Gənclər və İdman Nazirliyi çərşənbə axşamı Bakıda bir sıra ölkələrlə gənclər siyasəti və idman sahəsində əməkdaşlığın inkişafı haqqında bir neçə sənəd imzalayıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Belarusun idman və turizm naziri Oleq Kaçanla 2011-2012-ci illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalayıb.
Azərbaycanlı nazir, həmçinin, Ukraynanın ailə, gənclər və idman məsələləri üzrə naziri Ravil Safiullinlə 2011-2012-ci illər üzrə gənclər siyasəti və idman sahəsində əməkdaşlıq proqramı imzalayıb.
Bundan əlavə, çərşənbə axşamı Rəhimov Makedoniyanın Gənclər və İdman Agentliyinin sədri Dim Spasovla gənclər və idman sahəsində niyyət protokolu imzalayıb.
Rəhimov bildirib ki, bu sənədlərin imzalanması xalqların idman sahəsində dostluğunun möhkəmləndirilməsinə doğru addımdır.
Tədbirdə, həmçinin, Belarus, Ukrayna və Moldova arasında gənclər və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb.