...

Azərbaycan Mətbuat Şurası iki qəzetlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

Cəmiyyət Materials 24 Sentyabr 2010 17:08 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası (MŞ) "Məhkəmə və qanun" və "Bizim dövr" qəzetləri haqqında araşdırılma aparılması məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Azərbaycan Mətbuat Şurası iki qəzetlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası (MŞ) "Məhkəmə və qanun" və "Bizim dövr" qəzetləri haqqında araşdırılma aparılması məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Trend-in MŞ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Şuranın Şikayətlər komissiyasının cümə günü keçirilən iclasında verilib.

İclasda "Bizim dövr" qəzeti ilə bağlı 3 şikayətə baxılıb. Belə rəyə gəlinib ki, "Bizim dövr" qəzetinin Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanseri, Şəki şəhər Qarışıq Tipli Uşaq Müəssisəsi, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorları İstismarı İdarəsi ilə bağlı və digər şikayət doğuran yazılarında "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın tələblərinə dəfələrlə sayğısızlıq göstərilib. Nəşrin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər hallar da üstünlük təşkil etdiyindən Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasına həmin mətbu orqanla əlaqədar müvafiq araşdırma aparmaq tövsiyə olunub. Qərara alınıb ki, qəzetlə bağlı MŞ-yə daxil olan şikayətlərdə hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu halların üstünlük təşkil etdiyi nəzərə alınaraq, həmin materiallar müvafiq orqanlara göndərilsin.

Komissiya Bakı şəhər sakinləri Zoya Hüseynovanın, Çimnaz Hüseynovanın və başqalarının "Məhkəmə və qanun" qəzeti ilə bağlı müraciətlərinə baxarkən aydınlaşdırıb ki, bu məsələlərin də motivində hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu cəhətlər var. Komissiya bütün bunları nəzərə alaraq, toplanmış materialların aidiyyəti üzrə göndərilməsi barədə rəy çıxarıb.

İclasda "Azadlıq" və "Rəsmi Azərbaycan" qəzetləri ilə bağlı daxil olan şikayətlərə də baxılıb. Komissiya "Azadlıq" qəzetinə materialların təqdimatında balans prinsipinin tələblərinin gözlənilməsini, yazılarda qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsini tövsiyə edib.

"Rəsmi Azərbaycan" qəzeti ilə bağlı məsələnin Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasında araşdırılması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti