...

Azərbaycanda hidrometeorologiyanın günün tələblərinə uyğun inkişaf etdirilməsi əsas prioritet istiqamətlərdən biridir - nazir Hüseynqulu Bağırov

Cəmiyyət Materials 5 Oktyabr 2010 14:53 (UTC +04:00)
Sessiyada MDB ölkələrindən - Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukrayna respublikalarının milli hidrometeoroloji xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edirlər.
Azərbaycanda hidrometeorologiyanın günün tələblərinə uyğun inkişaf etdirilməsi əsas prioritet istiqamətlərdən biridir - nazir Hüseynqulu Bağırov

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Dünya hidrometeorologiyasının tərkib hissəsi kimi Azərbaycanda hidrometeorologiyanın günün tələblərinə uyğun inkişaf etdirilməsi əsas prioritet istiqamətlərdən biridir, - Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə axşamı Azərbaycanın Qəbələ rayonunda keçirilən MDB Dövlətlərarası Şuranın Hidrometeorologiya üzrə 22-ci sessiyasında açılış nitqində deyib.

"Azərbaycanda 2004-2010-cu illər üçün Hidrometeorologiyanın İnkişaf Proqamı" üzrə bir sıra vacib layihələr həyata keçirilir", - Bağırov əlavə edib.

Sessiyada MDB ölkələrindən - Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukrayna respublikalarının milli hidrometeoroloji xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edirlər.

Nazir qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın yüksək dağlıq Bazardüzü - Şahdağ - Tufandağ ərazisində hidrometeorologiya üzrə dünyanın ən nadir tədqiqat elm mərkəzlərindən biri yaradılıb, 2 700, 3 500, 4 172 metr yüksəkliklərdə avtomat meteoroloji stansiyalar qurulub və onlardan operativ surətdə məlumatlar alınır.

Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Aleksandr Bedritski, Təşkilatın Baş katibi Mişel Jarro qlobal iqlim dəyişmələri ilə əlaqədar, hidrometeorologiya xidmətlərinin qarşısında duran yeni vəzifələrdən və onların yerinə yetirilməsi yollarından danışıblar.

Jarro 2009-cu ildə keçirilən 3-cü Dünya İqlim Konfransında qəbul edilmiş İqlim Xidmətləri Sisteminin yaradılması üzrə görülən işlər barədə məlumat verib.

Sessiyada milli hidrometeoroloji xidmət qurumları rəhbərlərinin hesabatları dinlənilib, MDB və Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət, üzv ölkələrdə Hidrometeoroloji Təhlükəsizlik Konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində həyata keçirilən layihələr və 2011-2015-ci illər üçün bu sahənin əsas inkişaf istiqamətləri və digər məsələlər müzakirə edilib.

Oktyabrın 6-da başa çatacaq sessiyada regionda hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası sənədinin layihəsinin qəbul edilməsi gözlənilir. Sonradan bu sənəd MDB Hökumət Başçıları Şurasına təsdiq olunmaq üçün təqdim ediləcək.

Sessiyada, həmçinin, iqlim dəyişmələri, elmi tədqiqatlar, kadr hazırlığı və bir sıra digər məsələlərə də baxılacaq. Sessiyalararası dövrdə Şura öz işini işçi qruplar vasitəsilə davam etdirəcək və növbəti bir ildə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının işinə Azərbaycan sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti