...

Türkiyədə hicab problemi siyasi məqsədlərlə şişirdilir – ekspertlər

Cəmiyyət Materials 20 Oktyabr 2010 15:02 (UTC +04:00)
Türkiyədə qadın baş örtüklərinə qadağa qoyulması məsələsindən siyasi məqsədlər üçün istifadə olunur, çünki problem cəmiyyətdə artıq öz həllini tapıb.
Türkiyədə hicab problemi siyasi məqsədlərlə şişirdilir – ekspertlər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Türkiyədə qadın baş örtüklərinə qadağa qoyulması məsələsindən siyasi məqsədlər üçün istifadə olunur, çünki problem cəmiyyətdə artıq öz həllini tapıb. Türkiyəli ekspertlər belə hesab edirlər.

Analitiklərin fikrincə, 2011-ci il parlament seçkiləri ərəfəsində bu məsələ daha çox müzakirə olunacaq.

"Prinsip etibarilə, Türkiyədə baş örtükləri məsələsi artıq bir neçə ildir həll olunub. Lakin indiki mərhələdə bu məsələ siyasi məqsədlər üçün qaldırılır", - TİMETÜRK informasiya portalının direktoru Turan Kışlakçı Ankaradan telefonla Trend-ə bildirib.

Müxalif Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli çərşənbə axşamı bəyan edib ki, gələcəkdə hakim partiya ilə ictimai yerlərdə hicab geyimi ilə bağlı məsələni həll etməyə hazırdır. Bu barədə Cihan agentliyi məlumat verib.

Bahçeli qadınlara hicabla ali məktəblərə gəlməyi və dövlət orqanlarında çalışmağı qadağan edən qanuna dəyişikliklər edilməsinə razıdır. "Lakin problemin həlli daha çox Demokratik Xalq Partiyasınınvə hakim Ədalət və İnkişaf Partiyasının mövqeyindən asılıdır", -jurnalistlərin suallarına cavab verən Bahçeli bildirib.

Əsasən müsəlmanların yaşadığı Türkiyədə hicab geyinmək mövzusu Ali Təhsil Komissiyasının ölkənin ali məktəblərində hicaba qoyulan qadağanın ləğv edilməsi barədə qərarından sonra yenidən aktuallaşıb.

Bu qərardan sonra ənənəvi müsəlman baş örtükləri geyinən tələbələr heç bir maneə olmadan dərslərdə iştirak edə biləcəklər. Baxmayaraq ki, Türkiyənin əsas qanununda ictimai yerlərdə hicab geyinməyə icazə verən düzəliş edilməyib. Son sosioloji sorğuya görə, ölkə əhalisinin 69 faizindən çoxu hicab geyinir.

Ekspertlər Türkiyədə problemin ali məktəblərdə hicab geyinilməsinə qadağa qoyulmasından sonra sosial xarakter daşıyacağına inanmırlar və bu məsələdən daha çox qarşıdakı seçkilərdə partiyaların səs toplaması üçün istifadə olunacağını düşünürlər.

"Türkiyə xalqı artıq buna sosial problem kimi baxmır. Demokratik Xalq Partiyası referendumdan sonra bu məsələdən hakim partiyaya qarşı təzyiq kimi istifadə edir", - Kışlakçı bildirib. Qanunda islahatların aparılmasına etiraz edən Demokratik Xalq Partiyası etiraz əlaməti olaraq oktyabrın 29-da Türkiyənin Müstəqillik Günü şərəfinə keçiriləcək rəsmi qəbulda iştirakdan imtina edib. Buna səbəb Prezidentin hicablı xanımı Hayrunnisa Gülün orada iştirakıdır.

Türkiyəli analitik Həsən Kanbolatın fikrincə, daxili siyasi səviyyədə hicab məsələsini şişirtməyin heç bir mənası yoxdur. Çünki bu problem ölkədəki demokratik proseslər çərçivəsində həll olunur.

"Praktiki olaraq, qanun dəyişməz qalsa da, bu problem tələbələrə ali məktəblərdə hicab geyinməyə icazə verilməsindən sonra artıq bitib", - Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) rəhbəri Kanbolat telefonla Trend-ə bildirib.

"Son beş ildə Türkiyədə gedən demokratik proses hicab qadağasının götürülməsində böyük rol oynayıb. Çünki bu, dindarların və dini azlıqların hüquqları ilə ziddiyyət təşkil edir", - Kanbolat belə hesab edir.

Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) rəhbəri Süleyman Şənsoy qadın baş örtüklərinə qoyulan qadağanın yekun ləğvinin beynəlxalq insan hüquqlarına riayət olunması çərçivəsində həll edilməsinin vacibliyi fikrində Kanbolatla razılaşır.

Lakin Demokratik Xalq Partiyası bu məsələdən Baş nazir Ərdoğanın partiyasının təklif etdiyi konstitusiyaya dəyişikliklərlə bağlı sentyabr referendumunda itirilmiş xeyli səsin qaytarılması üçün istifadə edir.

Bu partiya və Milliyyətçi Hərəkat Partiyası hakim partiyanın əsas rəqibləri olublar, lakin 58 faizə qarşı yalnız 42 faiz səs toplayıblar.

Səslərin itirilməsində əsas səbəb referendumdan əvvəl Demokratik Xalq Partiyasının şüarı olub. Orada konstitusiyaya dəyişikliklərin təsdiqlənməsindən sonra türk qadının gələcəyini təcəssüm etdirən xristian rahibəsi təsvir olunmuşdu.

"Bu problemin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün siyasi partiyalar seçkilər ərəfəsində məsələni şişirtməkdənsə, konsensusa gəlməlidirlər", - Şənsoy telefonla Trend-ə bildirib.

Ekspertlər hesab edirlər ki, 2011-ci il seçkilərindən sonra problem öz həllini tapacaq.

"Bu problemin seçkilərdən sonra həll olunacağı tamamilə mümkündür", - Şənsoy ehtimal edir.

Kışlakçının fikrincə, əgər 2011-ci il seçkilərindən sonra hicablı qadınlar parlamentə seçilə bilsələr, hicab geyinmək problemi tamamilə həll olunacaq.

"Hicablı qadınların dövlət müəssisələrində işləmək və rəhbər vəzifələr tutmasına qadağa problem olaraq qalır", - Trend-in Ekspert Şurasının üzvü Kışlakçı hesab edir.

Kışlakçı əlavə edib ki, gələcəkdə hicablı qadınlar parlamentə keçə bilsələr, onda bu məsələnin həllində heç bir problem qalmayacaq.

Xəbər lenti

Xəbər lenti