...

Azərbaycanda valideyn himayəsindən məhrum və məcburi köçkün uşaqların pulsuz tibbi müayinəsi aparılıb (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2010 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi noyabrın 5-6-da 2 saylı Uşaq Evinin yetim və valideyn himayəsindən məhrum uşaqlarının və 149 saylı Ağdam rayon məcburi köçkün orta məktəbinin şagirdlərinin pulsuz tibbi müayinə kampaniyasını təşkil edib.

İctimai Birliyin sədri Kəmalə Əliyeva Trend-ə bildirib ki, kampaniyada 30 uşaq Mərkəzi Klinik Ambulatoriyada pediatr, nevrapatoloq, stomatoloq, oftalmoloq müayinələri, qulaq-burun-boğaz həkimi müayinəsi, üst qarın boşluğu və ümumi qan analizi yoxlamalarından keçiblər.

Xeyriyyə kampaniyası "ASE Express" şirkətinin maliyyə dəstəyi ilə "Onlar bizim birimizdir" devizi altında keçirilib.

Müayinədən sonra Mərkəzi Klinik Ambulatoriya tərəfindən uşaqlara "Сəsarət" sertifikatı və müxtəlif hədiyyələr təqdim olunub.

Əliyeva bildirib ki, Azərbaycan Respublikasında uşaqlara qayğı dövlət siyasətinin əsas tərkib hissəsi olub, daima gündəmdə qalan bir məsələdir.

Onun sözlərinə görə, müstəqillik qazandıqdan sonra uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sazişlərə qoşulan ölkəmizdə bu sahədə bir çox qanunlar qəbul edilib.

"Dövlət uşaqların, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, sağlamlığı və digər hüquqlarının qorunması sahəsində çoxsaylı proqramlar həyata keçirir. Lakin bu gün bir sıra dövlət təlim-tərbiyə müəssisələrində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar var ki, onların problemləri ilə daha çox məşğul olmaq vacibdir", - Birliyin sədri deyib.

Əliyeva bildirib ki, müayinələrdən sonra bu uşaqlarda hər hansı bir xəstəlik aşkar olunarsa, onların tam müalicəsini də öhdələrinə götürəcəklər.

Xəbər lenti

Xəbər lenti