...

Azərbaycanda dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatdı

Cəmiyyət Materials 9 Dekabr 2010 18:56 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 91 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 815 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb.
Azərbaycanda dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatdı

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 91 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 815 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb. Bu müddət ərzində Komissiyada 3020 namizəd qeydə alınıb. Onlardan 718-i (23,77 faiz) qadın, 2312-si (76,23 faiz) isə kişidir. Bu barədə cümə axşamı Komissiyanın məlumatında deyilir.

Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 168-i inzibati vəzifələrin altıncı təsnifatına, 27-si yeddinci, 23-ü səkkizinci, 597-si isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olub. Qeydə alınan namizədlərdən 1689-u inzibati vəzifələrin altıncı, 311-i yeddinci, 9-u inzibati vəzifələrin səkkizinci, 1011-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.

Statistik göstəricilərə görə ən çox namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (50 yerə qarşı 481 namizəd), İqtisadi İnkişaf Nazirliyi (28 yerə qarşı 412 namizəd) və Dövlət Sosial Müdafiə Fondu (210 yerə qarşı 408 namizəd) üzrə qeydə alınıb. Bu üç dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 43,08 faizini təşkil edir.

Bir vakant yerə iddia edən namizədlərin sayına görə ilk yerləri Diasporla İş üzrə Dövlət Komitəsi (1 yerə qarşı 44 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi (1 yerə qarşı 24 namizəd) və Müəllif Hüquqları Agentliyi (1 yerə qarşı 18 namizəd) tutur.

Müsabiqədə üç vakant vəzifə ilə iştirak edən Cəlilabad rayon məhkəməsi, Neftçala rayon məhkəməsi, iki vakant vəzifə ilə iştirak edən Tərtər hərbi məhkəməsi, Ağdaş rayon məhkəməsi, Daşkəsən rayon məhkəməsi, Goranboy rayon məhkəməsi, Qəbələ rayon məhkəməsi və bir vakant vəzifə ilə iştirak edən Ağsu rayon məhkəməsi, Cəbrayıl rayon məhkəməsi, Kəlbəcər rayon məhkəməsi, Qax rayon məhkəməsi, Qobustan rayon məhkəməsi, Saatlı rayon məhkəməsi, Samux rayon məhkəməsi, Xocalı rayon məhkəməsi, Xocavənd rayon məhkəməsi, Yardımlı rayon məhkəməsi və Zərdab rayon məhkəməsi üzrə heç bir namizəd qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti