Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Avropa Şurası Azərbaycanda gənclər və idman sahəsində həyata keçirilən siyasətdən razıdır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 1101-ci iclasında bu qənaətə gəlinib.
İclasda idman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə (EPAS) bağlı fəaliyyətlər, Ümümdünya Antidopinq Agentliyi ilə münasibətlər, Avropa Şurası ilə Avropa İttifaqı arasında idman sahəsində əməkdaşlıq məsələləri, Avropa Şurası ölkələrinin idman nazirlərinin 18-ci konfransının yekunları ilə bağlı müzakirələr aparılıb.
Avropa Şurası baş katibinin Bakıda keçirilmiş Avropa Şurası ölkələrinin idman nazirlərinin 18-ci qeyri-formal konfransının yekunlarına dair hesabatı təqdim edilib.
Gənclər və idman naziri Azad Rəhimov öz çıxışında Azərbaycanın Avropa Şurasına üzv olduğu 10 il müddətində gənclər və idman sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyini, ölkəmizdə Avropa Şurası dəyərlərinin idman sahəsində həyata keçirilməsini dəstəkləyən Avropa İdman Xartiyası və digər tövsiyələrə əməl edildiyini vurğulayıb.
Nazir Azərbaycanın Avropa Şurasının idman sahəsindəki hər iki konvensiyasına qoşulduğunu və onlara əməl olunduğunu bildirib.
Səfər zamanı Rəhimov Avropa Şurasının baş katibinin müavini xanım Mod de Bur-Bukkikio, təhsil, mədəniyyət və irs, gənclər və idman üzrə baş direktoru Q.Battiani-Draqoni, gənclər və idman üzrə direktoru R.Vaynqartnerlə görüşlər keçirib və Avropa Şurası Gənclər Mərkəzi ilə yaxından tanış olub.
Görüşlərdə Avropa Şurası ilə ölkəmizin gəncər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa Şurasının rəsmiləri ölkəmizdə həyata keçirilən gənclər və idman proqramlarında Avropa Şurası dəyərlərinin gözlənilməsi baxımından böyük uğurlar əldə olunduğunu qeyd ediblər.