...

Azərbaycan Mətbuat Şurası mətbuatın 2010-cu ildəki inkişafını dəyərləndirib

Cəmiyyət Materials 16 Dekabr 2010 09:30 (UTC +04:00)
Mətbuat Şurasının sədri Azərbaycan mətbuatının 2010-cu ildəki inkişafını dəyərləndirib.
Azərbaycan Mətbuat Şurası mətbuatın 2010-cu ildəki inkişafını dəyərləndirib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir T.Hacıyev/

Mətbuat Şurasının sədri Azərbaycan mətbuatının 2010-cu ildəki inkişafını dəyərləndirib.

"Azərbaycan mediası bu il əvvəlki illərə nisbətən iqtisadi baxımdan problemlərini həll edə bilib. Dövlətin iqtisadi durumu artdıqca, mətbuata da qayğının daha çox olması müşahidə olunur. Mediaya ayrılan yardımlar get-gedə artırılır. Ona görə də medianın iqtisadi vəziyyəti ilə bağlı problem yaxın vaxtlarda aradan qaldırılacaq", - bunu çərşənbə günü Trend-ə müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşov deyib ki, 2010-cu ildə Azərbaycan mətbuatının əsas problemlərindən biri də qəzet satışının zəif olması olub. O hesab edir ki, qəzetlərin az satılması bütün dünyada baş verən təbii prosesdir.

"Bu proses internet meydana gələndən sonra başlayıb. Artıq çap mediasının rəqibləri meydana gəlib. İnternet resurslarının yaranması ilə bağlı çap mediasının oxucuları azalıb", -  Şura sədri deyib.

Amaşov qeyd edib ki, qonşu ölkələrə nisbətən Azərbaycanda qəzet satışı daha zəifdir.

"Başqa ölkələrdə qəzetlərin oxunma səviyyəsi min nəfərə neçə qəzetin alınması nisbəti ilə hesablanır. Bu rəqəm Azərbaycanda xarici ölkələrə nisbətən çox aşağıdır. Azərbaycanda dəfələrlə az qəzet oxunur. Bunun səbəbləri həm qəzetlərin poliqrafik keyfiyyəti ilə bağlıdır, həm iqtisadi formasiyanın dəyişməsi də buna təsir edib, həm də əlifba dəyişikliyi də qəzetlərin oxunma səviyyəsinə kifayət qədər təsir göstərib. Sovet dövründə oxucuların zövqü başqa cür idi. Müstəqillik dövründə yeni mətbuat yaranıb və bu mətbuatı köhnə oxucu qəbul edə bilmir", - MŞ sədri qeyd edib.

"Bundan əlavə, qəzetlərdə yazıların keyfiyyətinin zəif olması da oxunma sayına təsir göstərir. Əgər o yazılar oxucuları cəlb etsəydi, əlbəttə ki, qəzetlər köşklərdə qalmazdı. İndi Azərbaycanda çoxtirajlı qəzetlər on min civarında çıxır. Orta tiraj 2500 və 3000-dir. Göstərici 9 milyon əhalisi olan bir ölkə üçün olduqca aşağıdır", - o vurğulayıb.

Amaşovun sözlərinə görə, növbəti illərdə də Mətbuat Şurasının qarşısında duran məqsədlər KİV-in iqtisadi baxımdan gücünün artmasına nail olmaqdır. Şura gələn il üçün də müəyyən təkliflər hazırlayıb.

Amaşovun bildirib ki, bu il ərzində Mətbuat Şurası mətbuatın reklam bazarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.

"Biz mətbuatda reklamın necə genişləndirilməsi ilə bağlı təkliflər irəli sürmüşük. Bu təkliflərin hazırlanması zamanı Türkiyə və başqa ölkələrin təcrübəsindən istifadə olunub. Təkliflərdən biri rəsmi qurumların reklamlarının genişləndirilməsi ilə bağlı xarici ölkələrin təcrübəsini Azərbaycanda da tətbiq etməkdir," - Şura sədri əlavə edib.

O hesab edir ki, Azərbaycan mətbuatının iqtisadi vəziyyəti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşsa da, hələ də mətbuatın əsas problemi iqtisadi məsələlərdir.

"İndiyə qədər Azərbaycan mediasının əsas problemi iqtisadi məsələlər olub. Azərbaycanda bazar münasibətləri hələ tam formalaşmayıb. Formalaşma getdikcə inkişaf edir. Reklam bazarı kifayət qədər aşağıdır", - Amaşov əlavə edib.

Xəbər lenti

Xəbər lenti