...

Son illər ərzində Azərbaycanda məhbusların saxlanma şəraiti yaxşılaşıb - ombudsman

Cəmiyyət Materials 30 Dekabr 2010 13:03 (UTC +04:00)
Son illər ərzində Azərbaycanda məhbusların saxlanma şəraiti yaxşılaşıb. Ombudsman Elmira Süleymanova belə hesab edir.
Son illər ərzində Azərbaycanda məhbusların saxlanma şəraiti yaxşılaşıb - ombudsman

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Son illər ərzində Azərbaycanda məhbusların saxlanma şəraiti yaxşılaşıb. Ombudsman Elmira Süleymanova belə hesab edir.

"Son illər ərzində Azərbaycanda məhbuslara göstərilən tibbi yardımın səviyyəsi yaxşılaşıb, ərzaq məhsullarının keyfiyyəti yüksəlib, bir sıra yeni cəzaçəkmə müəssisələri tikilib, köhnə müəssisələr təmir olunub", - ombudsman cümə axşamı jurnalistlərə bildirib.

İnsan hüquqları üzrə müvəkkil Prezidentin bəzi məhbusların əfv olunmasına dair son sərəncamını alqışlayır. Onun sözlərinə görə, əfv edilənlərdən yeddi nəfər ombudsmanın ərizəsi əsasında cəzadan azad edilib. Ümumilikdə, indiyədək İnsan hüquqları üzrə müvəkkilin xahişi ilə 326 məhbus azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü həbsdə olan bəzi şəxslərin azad edilməsi barədə əfv sərəncamı imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytı məlumat verib.

Sayca 48-ci olan əfv sərəncamına əsasən, azadlıqdan məhrum edilənlənlərdən 71 nəfər əfv edilib. Əfv olunanlardan 15 nəfər azadlığı məhdudlaşdırılanlar, 5-i cərimə cəzası ilə məhkum olunanlar və biri 2010-cu il fevralın 2-də Qax Məhkəməsi tərəfindən şərti cəzaya məhkum edilən 1969-cu il təvəllüdlü Kərimova Güldanədir. Sərəncamla 20-si xüsusi müəssisələrdə cəza çəkənlər olmaqla, 92 məhkum əfv edilib. Əfv edilənlər arasında dörd Banqladeş, iki Əfqanıstan və iki Pakistan vətəndaşı var.

Cümə axşamı sərəncamın icrasına başlanılıb.

1994-cü ildən etibarən imzalanan 48 əfv etmə sərəncamı ilə 5 121 nəfər cəzadan azad edilib. Sərəncamlardan 32-si ümummilli lider Heydər Əliyev, 16-sı isə Prezident İlham Əliyev tərəfindəm imzalanıb. İndiyə kimi Azərbaycanda imzalanan səkkiz amnistiya aktı 40 minə yaxın şəxsə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti